Mingəçevir sakinləri futbolla nəfəs alırlar desək, yanılmarıq. Geridə qalan mövsümdə şəhərin keçmiş “Energetik” komandası həm Birinci Divizionda, həm də Region Liqasında mübarizə aparan zaman oyunları 3500-4000 tamaşaçı izləyib.
Komandanın ev oyunlarını keçirdiyi Yaşar Məmmədzadə adına Şəhər Stadionu 5200 tamaşaçı tutumuna malikdir. Komandaların soyunub-geyinmə otaqları, ot örtüyü yararsız vəziyyətdədir. Azarkeşlər stadionda oyunları izləyərkən ya ayaq üstə, ya da özləri ilə gətirdikləri müxtəlif əşyaların üzərində oturmağa məcbur qalırlar. Arenada işıqlandırma sistemi, hesabı bildirən tablo da işlək deyil.
69 il öncə tikilib istifadəyə verilmiş stadionun mövcud vəziyyəti ilə bağlı Mingəçevir şəhər Gənclər və İdman İdarəsindən bildirilib ki, bu ildən stadionda təmir-tikinti işləri aparılacaq.
“Energetik” komandası ötən mövsüm Region Liqasında uğurlu çıxışları ilə mingəçevirliləri sevindirib. Klub fəaliyyətini dayandırsa da, yeni mövsümdən şəhəri Birinci Divizionda “Mingəçevir” FK təmsil edəcək.
www.RIA24.az