Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov UFC məsələsi reallaşanadək növbəti dəfə “AMC Fight Nights” kəmərini müdafiə edəcək.
Oxu.Az-ın xəbərinə görə, Nəriman yüngül çəkidə qazandığı kəməri müdafiə etmək üçün “Piranya” ləqəbli Marif Pirayevlə qarşılaşacaq.
Rusiyalı idmançı ilə görüş iyunun 10-da, döyüşdən öncəki mətbuat konfransı isə mayın 17-də baş tutacaq. Döyüş Moskvanın İrina Viner-Usmanova adına Sarayda baş tutacaq.
Qeyd edək ki, bu döyüşədək 29 yaşlı Marif Pirayev 30 dəfə qələbə qazanıb, 4 dəfə məğlub olub və 1 dəfə heç-heçə edib. 28 yaşlı Nəriman Abbasov isə 27 dəfə qələbə qazanıb və cəmi 3 dəfə uduzub. O, son 12 döyüşdür ki, məğlubedilməzdir.
Onu da bildirək ki, Marif Pirayev 2018-ci ilin mayın 4-də digər azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevlə qarşılaşıb. Bakı Olimpiya Stadionundakı döyüşdə Musayev rəqibini yerə yıxaraq yumruqlar endirib və hakim döyüşü saxlayaraq qələbəni həmyerlimizə verib. Bu qələbədən sonra Tofiq göz yaşlarını saxlaya bilməyib.
Səbuhi Musa
www.RIA24.az