Avropa çempionatının II təsnifat mərhələsinə hazırlığı davam etdirən 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Oxu.Az xəbər verir ki, komandamız bu gün Türkiyəyə yola düşüb. Eldar Əliyevin rəhbərlik etdiyi milli məşqlərin növbəti mərhələsini Türkiyədə keçəcək.
Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımız Ankarada hazırlıq çərçivəsində yerli yığma (U-22) ilə də üz-üzə gələcək.
Komandamız Avropa çempionatının II təsnifat mərhələsinə ev sahibliyi edəcək Kosovoya isə mayın 19-da Türkiyədən yollanacaq.
Avropa çempionatının II təsnifat mərhələsində komandamızın heyətində Yeqor Nikulenko, Mirəşrəf Rzazadə, Fərhat Jenkel, Mais Verdizadə, Roman Qurski, Mərdan Məmmədov, Aslan Həmidov, Yusif Bünyatov, Emil Aşumov, Emin Əmirxanlı, Əmirmehdi Ablu və Kənan Həsənli çıxış edəcəklər. Milli komandamıza Eldar Əliyev rəhbərlik edəcək, Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin isə köməklik edəcəklər.
Qeyd edək ki, millimiz E qrupunda Kosovo, Niderland və Slovakiya ilə birgə gücünü yoxlayacaq. Komandamızın ilk matçı mayın 20-də start götürəcək. Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
www.RIA24.az