Azərbaycanda ilk dəfə olaraq üzgüçülüyün fridayvinq növü üzrə “Aquatic Palace Open Cup 2022” yarışları keçirilib.
Oxu.Az-a verilən xəbərə görə, Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən bu beynəlxalq yarışa üç ölkədən 23 idmançı qatılıb.
Azərbaycan, Rusiya və Özbəkistandan olan 4 qadın və 19 kişi idmançı birincilikdə öz güclərini sınayıblar. Yarışlara Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim göndərilib. Yarışın qaydalarına əsasən, idmançılar birinci günü suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə mübarizə aparıb.
Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri tutub. Sonrakı iki yeri kişilərdən Eldar Qadirov və Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova tutub.
Qeyd edək ki, Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib.
www.RIA24.az