Azərbaycanın futbol klublarının daxilində basketbol komandaları yaradılır: “Sponsor axtarırıq”

İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların tərkibində basketbol komandaları yaradıla bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

“Hazırda “Neftçi” və “Sabah” klubları bizə maraqlarını ifadə ediblər. Bu, həm klublar, həm federasiya üçün yeni prosesdir və bir bəlli ortaq məxrəcə gəlmək lazımdır. Biz bir-birindən çox fərqli olan komandalardan ibarət çempionat da yaratmaq istəmirik. İkinci məsələ komandaların sayıdır. Əvvəl iştirak edən komandalardan NTD və “Xırdalan” da ola bilər. Onlar da çempionata böyük maraq göstərirlər. Bu dörd klubun marağı var.

Eyni zamanda, ali təhsil müəssislərindən Bakı Dövlət Universiteti, Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti birmənalı olaraq bu işə böyük vaxt və resurs ayırırlar, söhbətimiz də olub.

Amma əsas məsələ ondan ibarətdir ki, çempionatımızı tamamilə legionerlərdən ibarət görmürük. İstəyirik ki, azərbaycanlı basketbolçular, həm əsas, həm gənclərdən ibarət yığmaların üzvləri bu komandaların aparıcı oyunçuları olsunlar. Təbii ki, legionerlər də olacaq. Bu elə bir idman növüdür ki, legionerlərsiz alınmır. Amma müəyyən legioner limiti və s. də müzakirə olunur.

Bu qərarlar veriləndən sonra təxminən iyunun sonu-iyulda çempionatın formatı və komanda sayı ilə bağlı ümumi qərara gələ biləcəyik. Bir də regional komandalar faktoru var. Universitetlərin bazasında və basketbola həvəsi olanların bazasında Naxçıvan, Gəncə, Lənkəran və Quba bölgələrində də infrastruktur olmalıdır ki, çempionata komandaları dəvət edək. Minimum altı, maksimum səkkiz komanda ilə çempionata – Superliqaya başlaya bilsək, bu, çox yaxşı olar. Eyni zamanda da aşağı liqalar da təşkil edə bilərik ki, gələcəkdə komanda sayını artıra bilək”.

Federasiya prezidenti klubların necə maliyyələşəcəyinə də toxunub:

“Hazırda federasiyanın özünün də maliyyələşməsi ilə bağlı modellər üzərində işləyirik. Federasiyanın və klubların sponsorlarla maliyyələşməsi məsələsinə baxırıq. Həmçinin necə etməliyik ki, özümüz-özümüzü maliyyələşdirək. Federasiya olaraq iki maliyyələşmə modelini düşünürük. Biri sırf universitetlərlə bağlıdır. Bir çox ölkələrdə olan basketbolçular həm tələbə həyatı yaşayır, həm basketbol oynayırlar. Basketbol bir çox ölkələrdə tələbə idman növüdür. Buna görə tələbə təqaüdlərindən aktiv istifadə etməyi düşünürük.

Bu, universitet komandalarımızın həm özlərini, həm aşağı yaş qrupu komandalarını stimullaşdırmaq, eləcə də universitetin özü üçün daha yaxşı tanınma imkanıdır. Eyni zamanda, sponsorluq və reklam xərclərinin federasiya və klublar tərəfindən hansı şəkildə toplanılması və paylanılmasını tənzimləyən sənədləri hazırlayacağıq.

Mənə görə, uzunmüddətli perspektivdə basketbol özünü maliyyələşdirən, həm də kənardan dəstək alan model olmalıdır. Yalnız bir tərəfdən dəstək alanda, sponsor olmayanda klublar fəaliyyətini dayandırıb. Federasiya tərəfindən klublara müəyyən maliyyə veriləcək. Klubların marağında olmalıdır ki, yüksək liqada qalıb, həmin maliyyəni alaraq maaşları verə bilsinlər. Tək bununla, yəqin, çətin olacaq. Digər mənbələrə baxırıq və araşdırırıq”.

Qurum başçısı məşhur komanda və ya oyunçunun qonaq qismində dəvət olunmasının planlaşdırılmadığını qeyd edib:

“Mərhələli baxmaq lazımdır. Biz haradan başlayıb, haraya gedirik. Bu, çox vacibdir. Atdığımız hər bir addımın nəyə xidmət etdiyini və nə üçün olduğunu danışmalıyıq. Hazırda üç prioritetimiz var. Birincisi keyfiyyətli çempionat, keyfiyyətli komandalar və azarkeş sayıdır. Eyni zamanda, milli komandalar. Yayda müxtəlif turnirlər var və bunun hazırlıq planı da var. Yaxın gələcəkdə belə proqramlar etməyi planlaşdırmırıq. Amma yaxşı fikirdir. Bu, növbəti mərhələlərdə mümkün olar”.

www.RIA24.az

Spread the love