Şəhriyar Məmmədyarovun rəqibləri arasında 13 yaşlı şahmatçı da var – FOTO

İdman

Şahmat üzrə Çempionlar Turu yarışının IV mərhələsinin iştirakçıları bilinib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycandan Şəhriyar Məmmədyarovun qatılacağı yarış “Chessable Masters” (“Şahmat ustaları”) adlanır. Bu yarışda dünyanın ən gənc qrosmeysteri, əslən hindli olan ABŞ təmsilçisi 13 yaşlı Abhimanyu Mişra da çıxış edəcək.

Beləliklə, Şəhriyarın rəqibləri bu 15 şahmatçı olacaq: Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Dinq Liren, Vey İ (hər ikisi Çin), Vidit Qucrati, Pentala Harikrişna, Rameşbabu Praqanandaa (hər üçü Hindistan), Yorden fan Foreest, Aniş Qiri (hər ikisi Niderland), David Anton (İspaniya), Sem Şənklənd, Abhimanyu Mişra (hər ikisi ABŞ), Qaveyn Cons (İngiltərə), Nils Qrandelius (İsveç), Erik Hansen (Kanada).

Sabah başlayacaq yarışda I-IV turlar, mayın 20-də V-VIII turlar, mayın 21-də IX-XII turlar, mayın 22-də XIII-XV turlar, mayın 23-də 1/4 finallar, mayın 24-də yarımfinallar, mayın 25-i və 26-da isə final matçları keçiriləcək.

Qeyd edək ki, yarışın mükafat fondu 150 min dollar olacaq. Qalibə 25 min, finalçıya 15 min, yarımfinalçılara 6 min 1/4 finalçılara 2 min dollar veriləcək. Şahmatçılar ilkin mərhələdə isə hər qələbəyə görə 750, heç-heçəyə görə 250 dollar alacaq.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda altıncı sıradadır.

Səbuhi Musa

www.RIA24.az

Spread the love