Karateçilərimiz 20-22 may tarixlərində Bolqarıstanın Kranevo kəndində yerləşən Albena istirahət zonasında Ümumdünya Şotokan Federasiyasının (WSF) təşkil etdiyi XII Avropa çempionatında iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, 60-dək karateçi arasında milli komandanın üzvləri və müxtəlif regionların klublarından idmançılar var.
WSF-nin İcraiyyə Komitəsinin üzvü və beynəlxalq təşkilatın Azərbaycandakı rəsmi nümayəndəsi Rənad Əliyevin rəhbərlik etdiyi heyətdə iki hakim də yer alıb. Beynəlxalq hakim Mircabbar Seyidov və milli dərəcəli hakim Siyavuş Bayramov yarışı idarə edənlər arasında olacaqlar.
Mötəbər yarışa 14 ölkədən 803 idmançı qatılacaq. Səkkiz yaşlı uşaqlardan 53 yaşdan yuxarı veteranlaradək yaş qrupları daxil olmaqla, komandalar da mübarizə aparacaq.
www.RIA24.az