Türkiyədəki Avropa çempionatında iştirak edəcək karateçilərimiz – TAM HEYƏT

İdman

Azərbaycan karateçiləri 25-29 may tarixlərində Türkiyənin Qaziantep şəhərində keçiriləcək böyüklərin Avropa çempionatına yollanıblar.

Oxu.Az xəbər verir ki, qitə çempionatının medalları uğrunda 22 karateçimiz mübarizə aparacaq.

Onlardan 11 nəfəri fərdi kumite və kata yarışlarına, altı idmançı komanda çıxışlarına, beş nəfər isə para-karate üzrə Avropa çempionatına qatılacaq.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmovdan əlavə, baş məşqçilər və böyük məşqçilər, həmçinin beynəlxalq hakimlər və inzibati-texniki heyət yer alıb. Daha əvvəl Oxu.Az-ın xəbər verdiyi kimi, kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov fərdi yarışlarda Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (84+ kq), komanda çıxışlarında isə Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət gücləndirilmiş heyətdən istifadə edəcəklər.

Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov İnci Əzizovanın (-50 kq), Mədinə Sadiqovanın (-55 kq), Ayla Rzazadənin (-61 kq), İrina Zaretskayanın (-68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxış etmələrinə üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərov, komanda çempionatında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyəti tatamiyə çıxaracaq.

Para-karate üzrə milli komandanın baş məşqçisi Rənad Əliyev Sahib Əhədova, Eldar Əhmədova, Fərrux Qaybaliyevə, Emiliya Mitilinovaya və Nihat Məmmədzadəyə güvənib. Beynəlxalq referilər – Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının hakimləri arasında olacaqlar.

Türkiyədə böyüklərin Avropa çempionatında 45 ölkədən 454 karateçi, para-karateçilərin qitə çempionatında isə 15 ölkədən 48 idmançı mübarizə aparacaq. Yarışdan bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov və Azərbaycan nümayəndə heyəti mötəbər tədbirdə iştirak edəcəklər. 

www.RIA24.az

Spread the love