Tərlan Əhmədov işsiz qalmasından gileyləndi: “50 yaşlı adam kimə lazımdır ki?!” – MÜSAHİBƏ

İdman

“Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədovun Oxu.Az saytına müsahibəsi.

– Sizi ötən həftə keçirilən kikboksinq üzrə XXVI Avropa çempionatının həm açılış mərasimində, həm də Qala gecədə gördük. Hətta bəzi çəkilərdə mükafatlandırmada da iştirak etdiniz. Kikboksinqə marağınız haradandır?

– Mən futboldan əvvəl güləşlə məşğul olmuşam. İki oğlumu isə Elşən müəllimin (kikboksinq millimizin baş məşqçisi Elşən Abdulrəhimovu nəzərdə tutur – S.M.) yanına qoymuşam. Bu idman növünə böyük simpatiyam var. Kikboksinq idman növü təkbətək döyüş növü olduğu, burada aqressivlik olduğu üçün maraqlı gəlir. Uşaqlarım da haradasa iki il bu idman növü ilə məşğul olublar. Kikboksinqdə başda federasiyanın fəxri prezidenti Adil Əliyev olmaqla çoxlu dostlarım var. Bəlkə də bu səbəbdən də bu idmana marağım xeyli böyükdür. Açılış mərasiminə də məhz Adil müəllimin dəvəti ilə gəlmişdim. Futbol ictimaiyyətindən Qurban Qurbanov, Mahir Şükürov da açılış mərasimində iştirak etdi. Qala gecədə də maraqlı döyüşlər oldu. Mükafatlandırmada iştirak etməyim isə bir-birimizə verdiyimiz dəstəyin nümunəsidir.

– 44 günlük Vətən müharibəsinin şəhidlərinin fotolarının ilk gündən Sərhədçi İdman Olimpiya Mərkəzinin tribunalarında olmasını necə qarşıladınız?

– Açılış mərasiminə və yarışa şəhid ailələri də dəvət olunmuşdu. Açıq deyim ki, təşkilatçılıq yüksək səviyyədə təşkil edilmişdi. Şəhid ailələrinin və şəhid fotolarının olması həm onlara, həm də idmanımıza verilən dəyərdir. Çünki bu yarış məhz onların sayəsində təhlükəsiz şəkildə keçirildi. Zəfərimiz şəhidlərin qanı bahasına reallaşıb. Mən kikboksinq yarışında ilk dəfə iştirak etdim. Deyərdim ki, orada iştirakdan böyük zövq aldım. Final günü arenanın tamaşaçılarla dolması o deməkdir ki, artıq həyat geriyə dönür. İki il biz tribunalardan kənar qalmışdıq. İndi isə insanlar bir-birindən çəkinmədən bir yerə toplaşıb belə yarışlara gəlirlər.

– Müsahibələrinizdən birində demişdiniz ki, görsəm, futbolda iş tapmıram, başqa sahədə iş taparam. Tapdınız?

– Artıq avqustda iki il tamam olacaq ki, mən işsizəm. 1992-2005-ci illərdə millinin futbolçusu olmuşam, 1999-2005-ci illərdə kapitan sarğısını daşımışam. 14 il idi ki, heç bir tədbirə dəvət almırdım. Mənə qarşı olan haqsızlıqlara görə karyeramı dəyişmək zamanının çatdığını düşünürdüm. Nəticə versəm də, komandadan uzaqlaşdırılmışdım. Canni de Byazinin sonradan təkzib olunan “azərbaycanlı futbolçularda milli heysiyyət yoxdur” tipli açıqlamasına görə məndən fikir öyrənilirdi. Onda jurnalistə dedim ki, mən artıq futbolda deyiləm, heç bir tədbirə dəvət almıram. Jurnalist onda soruşdu ki, yazmaq olar, Tərlan Əhmədov futboldan getdi. Mən də dedim ki, ürəyiniz nə istəyir yazın. Açığı, orta məktəblərə bədən tərbiyəsi müəllimi kimi və şirkətlərə işlə bağlı müraciət etmişdim. Ancaq yaşımla əlaqədar bu müraciətlərim nəticəsiz qaldı. 50 yaşlı adam kimə lazımdır ki?!

– Gənclər və İdman Nazirliyində vaxtı ilə AZAL klubunda bir yerdə çalışdığınız Fikrət Hüseynov futbol üzrə kurator işləyir. Nazirliyə iş üçün müraciət etmisinizmi?

– Yox. Nə nazirliyə, nə də AFFA-ya iş üçün müraciət etməmişəm. Dostlarım deyir ki, sən futbola 37 ilini vermiş adamsan, başqa iş sənlik deyil, öz vaxtını səbirlə gözlə. Ancaq 49-51 yaş elə vaxtdır ki, məşqçi kimi işləməliyəm. Həmin illər məndən alınıb.

– Artıq növbəti mövsüm Premyer Liqada “Kəpəz” və “Turan Tovuz”un iştirakı dəqiqləşib. Xüsusən baş məşqçiliyə namizədlər arasında adınız Tovuz klubu ilə çəkilir.

– Bunu mətbuat çəkir. Birinci Ayxan Abbasov, bir də mənim adım hallanır. Ancaq reallığa gəldikdə, “Turan Tovuz” klubunun daxilində adımın namizədlər arasında olmamasını dəqiq bilirəm. Məndə olan məlumata görə, “Turan Tovuz” artıq Ayxan Abbasovla anlaşıb. “Kəpəz”də isə baş məşqçi Yaşar Vahabzadədir. Hər ikisinə uğurlar arzulayıram. Bu gün mənə heç bir klubdan təklif gəlməyib.

– Bəs idman direktoru və ya icraçı direktor kimi vəzifələrdən təklif gəlsə, razılıq verərsinizmi?

– Mən həyatımı məşqçiliyə həsr etmişəm. Bütün məşqçilik kateqoriyalarını almışam, xaricdə kurslar keçmişəm. Düşünürəm ki, idman direktoru vəzifəsi ilə bu işi bacaranlar məşğul olsa, yaxşıdır.

– Azərbaycan Premyer Liqası artıq başa çatıb. Mövsüm sizin üçün nə ilə yadda qaldı?

– Hər hansısa sürpriz olmadı. “Qarabağ” ilk gündən favorit idi və çempion oldu. “Neftçi” çempionluğunu qoruya bilmədi. Buna səbəb komandadan gedən oyunçuların yerini doldura bilməmələri oldu. Mamadu Kane və Sabir Buqrinin yeri hiss olundu. Hələ Tbilisi “Dinamo”su ilə görüşdə müdafiə xəttində problemlərin olduğu görünürdü. Qış fasiləsinə yaxın “Neftçi”nin xallar itirməsi göstərdi ki, bu çempionatda “Qarabağ”ın rəqibi yoxdur. Məni məyus edən komanda “Qəbələ” oldu. Onlar qış fasiləsinə ikinci yollananda düşünürdüm ki, yanvardan sonra onlar taktikalarını dəyişəcəklər. Ancaq dəyişiklik olmadı və nəticədə komanda nəinki ikinciliyi, heç üçüncülüyü də qoruyub saxlaya bilmədi. Ümumilikdə isə Elmar Baxşıyevə təşəkkür düşür ki, həm maliyyə azlığına, həm də oyunçu qıtlığına görə belə komanda qurub və Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcəklər.

– Mövsümün futbolçusu sizə görə kim olmalıdır?

– Mənə görə, 12 qolla çempionatın bombardiri olan Kadi olmalıdır. O bu yerə layiqdir. Ancaq yerli futbolçulardan ümidləri doğruldan olmadı. Buqrinlə Kanenin gedişindən sonra Emin Mahmudovun da əvvəlki tək məhsuldar olmadığı göründü. Bəlkə də “Qarabağ”da stabil oynadığı üçün Qara Qarayevin adını çəkə bilərəm.

Səbuhi Musa

www.RIA24.az

Spread the love