20-22 may 2022-ci il tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.
Oxu.Az xəbər verir ki, çempionatda 42 komandadan 200-ə yaxın idmançı kikboksinqin “Full contact” və “Low kick” növləri üzrə mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin kikboksinq üzrə kişilərdən ibarət altı nəfərlik yığma komandası İdman-sağlamlıq klubunun kikboksinq üzrə məşqçi müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə edib.
Çempionatda “Full contact” növündə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, kiçik gizir Camal Məmmədov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Bundan başqa, “Full contact” növü üzrə İdman-sağlamlıq klubunun üzvləri – 71 kq çəki dərəcəsində Ayxan Həsənov, “low kick” növü üzrə isə 60 kq çəki dərəcəsində Sadiq Nəhmədli və FHN Akademiyasının kursantı, 81 kq çəki dərəcəsində İlqar Zeynallı yarışın bürünc medalının sahibi olublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.
Qeyd edək ki, Camal Məmmədov ikiqat Azərbaycan çempionu, Dünya çempionatının gümüş mükafatçısıdır. O, bu ilin avqust ayında Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanıb.
24 may 2022-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.
www.RIA24.az