Sərxan Hacıyev: “Turan Tovuz” və “Kəpəz”in elitada çıxışını İcraiyyə Komitəsi təsdiqləməlidir” – MÜSAHİBƏ

İdman

Xəbər verdiyimiz kimi, Bakıda Türkiyə Super Liqa klubu “Alanyaspor”un futbol məktəbinin açılışı olub. Həmin məktəbin açılışında iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev Oxu.Az-a müsahibə verib.

– Qardaş ölkə olsa da, “Alanyaspor” futbol məktəbinin açılması beynəlxalq tədbirdir. Bunun yerli futbola nə kimi dəstəyi ola bilər?

– Əlbəttə ki, belə məktəblərin açılması Azərbaycan futboluna ancaq müsbət təsir göstərə bilər. Həmçinin “Alanyaspor” futbol məktəbinin açılması gələcəkdə futbolumuza yaxşı təsir göstərəcək. Təşəbbüskarlara mən də öz təbriklərimi çatdırmaq istəyirəm. “Alanyaspor”u da Türkiyə Super Liqasında uğurlu çıxışı münasibəti ilə təbrik edirəm.

– Bəs “Alanyspor” futbol məktəbinin təşkilatçıları AFFA-dan hansısa dəstək gözləyə bilər?

– Biz istənilən danışıqlara açığıq. Görüş barədə müraciət etdilər. AFFA olaraq bütün istək və təklifləri həyata keçirməyə çalışacağıq.

– Milli komandanın iyunda başlayacaq UEFA Millətlər Liqasındakı oyunları barədə nə deyə bilərsiniz?

– Millinin qarşısına qoyulan vəzifə ancaq qələbə və qrup lideri olmaqdır. İnşallah bu hədəfimizə çatarıq. 

– Milli komandanın futbolçularında yorğunluq müşahidə olunur…

– Yığmanın oyunçularında yorğunluq var, razıyam. Bu da anlaşılandır. Belə faktlar qaçılmazdır. Ona görə ki, mövsümün sonudur. Yorğunluq məsələləri peşəkarlıq varsa, ikinci plana keçir. Əminəm ki, həm futbolçular, həm də məşqçilər əllərindən gələni edəcəklər ki, hər şeyin ən yaxşısına nail olaq. 

– Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların – “Kəpəz” və “Turan Tovuz”un aqibəti necə olacaq? Onlara AFFA tərəfindən cəmi 500 min manat ayrılacağı deyilir…

– Maliyyə məsələsi çox müzakirə olunur. Həm “Turan Tovuz”, həm “Kəpəz”, həm də I Diviziona yüksələn klubların dəstəyə ehtiyacı var. Klublara kənar sponsorlardan da dəstək olmalıdır ki, onlar istədikləri kimi çıxış etsinlər. Biz AFFA olaraq sahibkarlardan və iş adamlarından onlara maliyyə dəstəyi vermələrini xahiş etmişik. 

Burada şərtlər də var. Premyer Liqaya yüksələn klublar, məsələn, “Kəpəz” 1 milyon manat xərcləməyə hazır olan sponsor tapsa, AFFA da əlavə bir o qədər verəcək. Hazırda klublar bu məbləği tapa bilmədiyi üçün AFFA bu vəsaiti ayırmayıb. Bu məsələ növbəti mövsümdən I divizionda çıxış edəcək “Mingəçevir”, “İmişli” və “Araz-Naxçıvan” klublarına da aiddir.

– Ola bilərmi ki, adıçəkilən klublar hər hansısa problem ucbatından Premyer Liqada çıxış edə bilməsinlər?

– AFFA-nın İcraiyyə Komitəsi (İK) tərəfindən hər iki kluba lisenziya verilib. “Turan Tovuz” və “Kəpəz”in Premyer Liqada iştirak etməsinə sonda İK qərar verməlidir. Növbəti həftələrdə İK-nın iclası keçiriləcək. Bir neçə məsələnin müzakirə olunması gözlənilir. Bu mövzulardan biri də məhz “Turan Tovuz” və “Kəpəz”in Premyer Liqadakı çıxışı ilə bağlı olacaq. Orada bayaq verilən sualın cavabı tapılacaq. Sonda bu klubların elitada çıxış etməsini İK təsdiqləməlidir.

– AFFA-nın nəzarət etdiyi klubların büdcəsində dəyişiklik gözlənilir?

– AFFA-nın himayəsində olan klubların büdcəsinin artıb-azalması məsələsinə hazırda cavab vermək çətindir. Mövsüm sona çatıb. Yaxın gələcəkdə bu suallar da cavabını tapacaq. 

– Ölkəmizi avrokuboklarda təmsil edən klublarla bağlı fikriniz necədir?

– Ölkəmizi avrokuboklarda təmsil edən klublara uğurlar arzulayırıq. Onlardan yalnız qələbə gözləyirik. “Qarabağ”ı xüsusi qeyd edərdim, böyük təcrübəsi var. Ümid edirik ki, bu dəfə əvvəlkilərdən də yaxşı oynayacaqlar. Digər klublarımızın isə qrup mərhələsinə adlamasını arzulayırıq. 

– Region Liqası haqda nə deyə bilərsiniz? Gələn mövsüm də AFFA bu çempionatı keçirəcək?

– Region Liqası gələn mövsüm də baş tutacaq. Bu mövsüm Region Liqası olduqca maraqlı keçdi. Regionlarda azarkeşlərin futbol üçün necə darıxdığının şahidi olduq. Final da olduqca baxımlı alındı. Güclü rəqabət gedirdi. Qalib olan “Cəbrayıl” klubunu təbrik edirəm. “Xan Lənkəran” klubu da uğurlu çıxışı ilə yadda qaldı. UEFA Region Kubokunun Azərbaycanda keçirilməsinin təşəbbüskarı bizik. Belarus bu yarışı keçirə bilmədiyindən, məsuliyyəti öz üzərimizə götürmüşük. 

– Region Liqasının qalibi “Cəbrayıl” klubuna çempion olduğuna görə 10 min manat verilməli idi…

– Qeyd edim ki, dünən “Cəbrayıl” klubu ilə görüş keçirmişik. AFFA olaraq bizdən bir neçə xahişlər oldu ki, biz də bunu yerdə qoymamağa çalışacağıq. Biz Azərbaycanı Avropada təmsil edən komandaya mütləq dəstək göstərməliyik.

www.RIA24.az

Spread the love