“Neftçi”nin Samir Abasovla yollarını ayıracağı heç kimdə şübhə doğurmur. Paytaxt klubunun rəhbərliyi artıq yeni baş məşqçi axtarışına da çıxıb. Mətbuatda Temuri Ketsbaya, Roman Qriqorçuk kimi mütəxəssislərin adı çəkilsə də, hələ ki rəsmi təsdiq yoxdur.
2019-cu ildən “Anortosis”ə rəhbərlik edən gürcüstanlı mütəxəssisin Kiprdən Bakıya gəlməsi elə də inandırıcı görünmür. Qriqorçuk variantı isə kifayət qədər inandırıcıdır. “Neftçi”nin idman direktoru Zaur Əzizovun vaxtı ilə “Qəbələ”də ukraynalı məşqçi ilə birgə işləməsi də bu ehtimalı artırır.
Msport.az hazırda boşda olan MDB məkanının tanınmış mütəxəssislərdən bəzilərini “Neftçi” rəhbərliyinin yadına salır.
Vasili Saçko
Yaş: 47
İşlədiyi yerlər: “Vorskla” (2012-2019), “Volın” (2020-2021)
Saçko bizə hələ “Volın”da Kamal Quliyev, Samir Əliyev, Tərlan Əhmədovla birgə çıxış etdiyi vaxtdan yaxşı tanışdır. 2012-ci ildə “Vorskla”da karyerasını bitirən hücumçu elə bu klubda da məşqçiliyə başlayıb. O, 2014-də Poltava təmsilçisinin sükanı arxasına keçib. “Vorskla” onun rəhbərliyi altında 2015-2016 və 2016-2017-ci illərdə Avropa Liqasında çıxış etsə də, ilk mərhələdə mübarizəni dayandırıb. Saçko 2018-ci ildə komandaya Ukrayna çempionatının bürünc medalını qazandırıb. “Vorskla” Avropa Liqasının qrup mərhələsində “Qarabağ” üzərində qələbə qazana bilmişdi. Ötənlərin tanınmış futbolçusu “Vorskla”dan sonra “Volın”da bir il işləyib.
Leonid Kuçuk
Yaş: 62
İşlədiyi yerlər: “Şerif” (2004-2010), “Salyut” (2010), “Arsenal” (Kiyev) (2011-2012), “Kuban” (2013), “Lokomotiv” (2013-2014), “Kuban” (2014-2015), “Stal” (2017), “Rostov” (2017), “Rux” (2019), “Dinamo Minsk” (2020-2021) “Rux” (2021).
Kuçukun yaşı sizi aldatmasın. Müharibə başlayana qədər təcrübəli mütəxəssis Lvovun “Rux” klubunda işləyirdi. Kuçuk müxtəlif illərdə Moldova, Ukrayna və Belarus çempionatlarının ən yaxşı məşqçisi olub. O, 2013-2014-cü illər mövsümündə Moskva “Lokomotiv”ə Rusiya Premyer Liqasının bürünc medalını qazandırıb. Təcrübəli məşqçinin ən çox çalışdığı yer “Şerif”dir. Kuçuk Tiraspol təmsilçisini 6 dəfə Moldova çempionu edib. “Şerif” 2009-cu ildə “Birlik kuboku”nu da qazanıb. Komanda həmin dövrdə Avropa Liqasının qrupunda da oynayıb.
Raşid Rahimov
Yaş: 57
İşlədiyi yerlər: “Admira Vakker” (2002-2004), “Amkar” (2006-2007), “Lokomotiv” (2007-2009), “Amkar” (2009-2011), “Terek” (2013-2017), “Axmat” (2018-2019), “Ufa” (2020-2021).
Raşid Rahimovu daha çox “Matç” Tv-dən ekspert kimi tanıyırıq. Rusiya və Tacikistan yığmalarında da çıxış etmiş Rəhimov məşqçilik karyerasına Avstriyada başlayıb. Uzun illər Avstriyanın müxtəlif klublarında forma geyinmiş müdafiəçi məşqçiliyə “Admira Vakker”də başlayıb. Sonradan Rusiyaya gələn mütəxəssis müxtəlif komandalarda işləyib. “Terek”in ən yaxşı nəticələri onun adı ilə bağlıdır.
Oleq Kononov
Yaş: 56
İşlədiyi yerlər: “Karpatı Lvov” (2008-2011), “Sevastopol” (2012-2013), “Krasnodar” (2013-2016), “Ahmat” (2017), “Arsenal Tula” (2018), “Spartak” (2018-2019), “Riqa” (2020).
Belarus məşqçilik məktəbinin daha bir yetirməsi. Konovun Rusiya karyerasının zirvəsi “Spartak”da çalışması idi. Amma aydın məsələdir ki, paytaxt klubunda baş çıxarmaq asan məsələ deyil. Həmin vaxt Sports.ru saytının keçirdiyi sorğuya əsasən, “Spartak” tarixinin ən uğursuz məşqçisi sayılmışdı. O, Moskva klubuna qədər 2014-2015-ci illərdə “Krasnodar”a çempionatın bürünc medalını qazandırmışdı və Rusiya Futbol İttifaqının versiyasına əsasən, mövsümün ən yaxşı məşqçisi seçilmişdi.
Viktor Qonçarenko
Yaş: 44
İşlədiyi yerlər: BATE (2007-2013), “Kuban” (2013-2014), “Ural” (2015), “Ufa” (2016), ÇSKA (2016-2021), “Krasnodar” (2021-20220.
Qonçarenko ilin əvvəlində “Krasnodar”dan ayrıldıqdan sonra işsizdir. MDB məkanında ən sayılıb-seçilən məşqçilərdən biri hesab olunur. O, 2 dəfə ÇSKA ilə Rusiya çempionatının qızıl medalını qazanmağa yaxın olsa da, gümüşlə kifayətləndi. Altı dəfə BATE-ni Belarus çempionu edən mütəxəssis on dəfə bu ölkədə ilin məşqçisi seçilib. BATE 2008-ci ildə Çempionlar Liqasının qrupuna vəsiqə qazanarkən Qonçarenkonun 21 yaşı var idi. O, ÇL tarixində qrupa düşmüş ən gənc məşqçi oldu. BATE-nin “Yuventus”la hər iki oyunda heç-heçə (2:2, 0:0) etməsini hələ də azarkeşlər yaxşı xatırlayırlar. 2010-cu ildə isə Belarus klubu onun rəhbərliyi altında ilk dəfə Avropa Liqasında 1/16 final mərhələsinə çıxardı. Orada BATE-nin yolunu PSJ kəsdi.
Yuri Vernidub
Yaş: 56
İşlədiyi yerlər: “Zarya” (Luqansk) (2011-2019), “Şaxtyor” (Soliqorsk) (2019-2020), “Şerif” (2020).
Vernidub hələ də rəsmən “Şerif”in baş məşqçisi sayılsa da, onun Ukraynaya qayıdıb Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyinə dair xəbərlər yayılmışdı. Vaxtı ilə Bakıya gəlib “Sabah”ın oyununu izləyən amma sonradan klubdan dəvət almayan məşqçi “Neftçi” üçün yaxşı variant sayıla bilər. Ancaq Vennidubun müharibədə döyüşməsi “ağ-qaralar”ın rəhbərliyini düşünməyə sövq edəcək. Bu elə məsələdir ki, ən yüksək səviyyədə “Neftçi”yə “ok” gəlməlidir. Lakin indiki məqamda Vernidub Ukraynanı qoyub Azərbaycana gələrmi? Buna da inanmaq bir az çətindir. Verniduvun məşqçi kimi səviyyəsini geniş müzakirə etməyə ehtiyac da yoxdur: “Şerif”in Çempionlar Liqasındakı son mövsümünü yada salmaq kifayət edər.
www.RIA24.az