“Əgər Kulyak yekunda bu medaldan məhrum edilsə, o zaman bu mükafatın mənə verilməsində israr etməyəcəyəm”.
Oxu.Az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Azərbaycan millisinin idman gimnastı İvan Tixonov bildirib.
Tixonov 2-5 mart tarixlərində Qətərin paytaxtı Dohada keçirilmiş Dünya Kubokunun mərhələ yarışında rusiyalı İvan Kulyakın nəticəsi ləğv edildikdən sonra bürünc medalın özünə verilməsində təkid etməyəcək.
“İnanıram ki, Vanya ədalətli döyüşdə qalib gəlib. Əgər onun nəticəsi ləğv olunsa belə, müsabiqənin bürünc medalı onundur. Düzünü desəm, bu medala ehtiyacım da yoxdur.
Həmin turnirdə qarşıma qoyduğum tapşırıqları yerinə yetirdim və dəqiq yerinə yetirdiyim üç alət üzrə finala yüksəldim. İndi dünya çempionatına sakitcə gedə bilərəm”, – deyə Tixonov bildirib.
Qeyd edək ki, ukraynalı İlya Kovtunun qalib gəldiyi sözügedən yarışda Kulyak mükafatlandırma mərasiminə üzərində “Z” hərfi yazılmış forma ilə daxil olub və buna görə cəzalandırılıb. “Z” hərfi Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya hərbi texnikasına şamil edilir. Rusiyada “Z” simvolu ilə ölkə ordusuna dəstək aksiyaları keçirilir.
Mayın 17-də Gimnastika Etikası Fondunun İntizam Komissiyası İvan Kulyakı apellyasiya şikayəti vermək hüququ ilə bir il müddətinə idmandan kənarlaşdırıb və onu Dünya Kuboku mərhələsinin bürünc medalından məhrum edib.
Həmin medal isə yarışda dördüncü olmuş millimizin Rusiya əsilli idmançısı 26 yaşlı İvan Tixonova verilməlidir. Beynəlxalq Gimnastika Federasiyası Tixonovun 2018-ci ilin iyulundan idman vətəndaşlığının Rusiyadan Azərbaycan vətəndaşlığına dəyişdirilməsini təsdiqləyib.
Səbuhi Musa
www.RIA24.az