FHN-in karate komandasının üzvü Avropa çempionatında uğur qazandı – FOTO

İdman

20-22 may 2022-ci il tarixlərində Bolqarıstan Respublikasının Kranevo şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib.

Oxu.Az xəbər verir ki, turnirdə 18 ölkənin 1 200-dən çox idmançısı mübarizə aparıb.

Çempionatda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvü Xəyal Məmmədov – 84 kiloqram çəki dərəcəsində kişilər arasında komanda kumite yarışlarında və şəxsi kata yarışlarında turnirin gümüş medalının sahibi olub.

Karateçinin ilk məşqçisi əməkdar məşqçi və altıncı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırkı şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, səkkizinci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

26 may 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa çempionatında uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Xəyal Məmmədov Azərbaycanın karate üzrə milli komandasının üzvüdür.

Karateçimiz sentyabr ayında Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə Çexiya Respublikasında keçiriləcək dünya çempionatında da iştirak edəcək.

www.RIA24.az

Spread the love