Mövlud Çavuşoğlunun qardaşı: “Ötən il Astaraya da getmişdim” – MÜSAHİBƏ

İdman

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlunun Oxu.Az saytına müsahibəsi.

– Bu yaxınlarda Bakıda oldunuz. Buraya ilk səfəriniz idi?

– Xeyr, artıq üçüncü dəfə idi, Bakıya gəlirdim. Bakıya ilk dəfə gələndə şəhəri gəzmək imkanı əldə etməmişdim. Amma ötən il AVRO-2020 ilə bağlı Bakıda olanda şəhərinizi gəzmişdim. Həmin vaxt “İdman” telekanalının da qonağı olmuşdum. Onda Bakıdan başqa, Astaraya da getmək imkanım oldu. Oradakı dostlarımızı ziyarət etdik. “Fatih Karagümrük”lə İstanbulda keçirdiyimiz matçdan sonra üçüncü dəfə Bakıya gəldim. Üç gün Bakıda oldum. Dünən Azərbaycanı tərk etdim.

– “Alanyaspor”un futbol məktəbinin Bakıda açılışını etdiniz. Bu haqda nə deyə bilərsiniz?

– Bu layihə Türkiyənin başqa bölgələrində də var. Əvvəlcə Bakıda, daha sonra Almaniyanın paytaxtı Berlində məktəb açdıq. Niderlandda da belə bir məktəb açılması söhbəti var. İnşallah, başqa ölkələrdə də “Alanyaspor”un futbol məktəbini açacağıq. Bu məktəbin Bakıda açılması da Azərbaycan – Türkiyə əlaqələri baxımından önəmlidir.

– Yeni mövsümdə hansısa azərbaycanlı futbolçunu “Alanyaspor”un heyətində görə bilərik?

– Skautlarımızın bu baxımdan izlədikləri azərbaycanlı futbolçular ola bilər. Ancaq indiki səfərimiz transferlə bağlı deyildi. “Qarabağ” və “Neftçi” ilə görüşlərimiz əməkdaşlıqla bağlı idi. Amma 2017-ci ildə “Qarabağ”a haitili Vild-Donald Qeryeni vermişdim. Daha sonra o, “Neftçi”də də oynadı. O vaxtdan “Qarabağ”la yaxşı münasibətlərimiz var.

– Sizdən əvvəl “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” kimi klubların Bakıda məktəbi açıldı. Ancaq heç birinin Azərbaycan futboluna diqqətçəkən faydası dəymədi. Bəs bu məktəb vasitəsilə azərbaycanlı futbolçular, heç olmasa, “Alanyaspor”un aşağı yaş qruplarından ibarət komandada oynamaq imkanı əldə edə bilərlərmi?

– Təbii ki, böyük komandalarda oynamaq asan iş deyil. Orada oynamaq üçün xüsusi istedadın olmalıdır. Amma “Alanyaspor” Avropada futbolçu yetişdirib satan bir klub kimi tanınır, eyni zamanda məşqçilər bizim klubda yaxşı təcrübə toplayırlar. Ötən il Alanyada baş tutmuş Türkiyə və Azərbaycan millilərinin yoxlama oyununu canlı izləmişəm. Millinizdə bəyəndiyim futbolçular var. Ancaq bu, məşqçilər heyətinin qərarına bağlı olan məsələdir. Azərbaycanda futbolçu bazasına yatırım edilməsi lazımdır. Bizdə futbol məktəblərinə uşaq qəbulu 6-12 yaş arasında olur. 15-16 yaşdan sonra futbolçu olmaq asan iş deyil. Bunun üçün Allah tərəfindən istedadın olmalıdır.

– Siz Super Liqa klubusunuz. Xarici ölkələrdə məktəb açmağınız gec olmadı ki?

– Biz altı ildir ki, Super Liqadayıq. “Alanyaspor”u 3-cü Liqadan buraya kimi çıxarmışıq. Super Liqadakı altıncı ilimizdə Bakıda futbol məktəbi açdıq. Amma bu işləri etmək asan olmur. Super Liqada klub idarə etmək çox çətindir. Çempionatı beşinci sırada bitirdik. Bir xalımız da olsaydı, növbəti mövsüm Avropa Konfrans Liqasında çıxış edəcəkdik. 2020-ci ildə Türkiyə Kubokunda “Trabzonspor”la final oynamışıq. Ümumiyyətlə, futbolda idarəçilik dünyanın ən çətin işidir. Hazırda Türkiyə futbolunda oyunçu, məşqçi olmuş yeganə klub prezidenti mənəm. “Beşiktaş” böyük klubdur, amma çempionatı “Alanyaspor”dan beş xal geridə bitirdi. UEFA Kubokunu qazanmış, Türkiyənin ən çox çempionu olmuş “Qalatasaray”dan 12 xal arxada oldu. Bir ilçə (rayon – red.) komandası olaraq bunu bacarmaq bizə xoşbəxtlik verir.

– Hər şeyin maddi tərəfi var. Bu məktəbin xərcləri klub tərəfindən qarşılanacaq, yoxsa öz-özünü dolandıracaq?

– Bunun səlahiyyətləri məktəb rəhbərliyindədir. Biz sadəcə klubun ad hüququnu ona vermişik.

– Biz bilirik ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşısınız. Bu amil də sizə psixoloji təzyiq yaradırmı?

– O, siyasətçidir, mən futbol adamıyam. Bizim bölgədə “Antalyaspor” klubu da var. Mövlud bəy hamıya eyni gözlə yanaşan bir insandır. Azarkeş kimi xarici futbolçuların Türkiyəyə gəlməsi zamanı viza problemlərinin həll olunmasında həmişə köməyi dəyir. Kluba heç bir müdaxiləsi yoxdur. Biz də bu baxımdan üzərimizdə hansısa bir təzyiq hiss etmirik.

– “Bursaspor”da Namiq Ələsgərov adlı futbolçumuz oynayır. O, ad olaraq xatirinizdədirmi?

– “Bursaspor” çempion olmuş, Türkiyədə hamının sevdiyi bir komandadır. Ancaq təəssüf ki, aşağı diviziona düşdülər. Amma təəssüf ki, həmin oyunçunun çıxışını izləməmişəm deyə onun haqda dəqiq bir söz deyə bilmərəm.

Səbuhi Musa

www.RIA24.az

Spread the love