Bakıda “Formula-1”i izləmək üçün 16 700 oturacaq quraşdırılıb – FOTO

İdman

“Formula-1” Azərbaycan Qran-prisinin başlamasına 10 gün qalıb.

Oxu.Az-a verilən xəbərə görə, bu il azarkeşlərin canlı iştirakı ilə baş tutacaq Bakı yarışının trekində görülən hazırlıq işləri ilə tanış olmaq üçün mediatur təşkil olunub.

Tur zamanı trekin xüsusiyyətləri, paddok ərazisi, tribunalar haqqında jurnalistlərə ətraflı məlumat verilib.

Qeyd edək ki, Bakı Şəhər Halqası adlanan trekin uzunluğu 6 km-dir və alman mütəxəssis Hermann Tilke tərəfindən inşa olunub.

“Formula-1” təqvimindəki ən uzun treklərdən sayılan Bakı trekində 20 döngə mövcuddur.

Bakı Şəhər Halqasını digər treklərdən fərqləndirən cəhətlərdən biri sərt döngələrin və təqvimdəki treklər arasında ən dar hissənin məhz burada olmasıdır (8-ci və 9-cu döngələr).

Tarixiliyin və müasirliyin vəhdətini uğurlu şəkildə bir araya gətirən Bakı halqası 52 dövrədən ibarətdir və saatın əksi istiqamətində hərəkət edir.

2017-ci ildə azarkeşlər tərəfindən “İlin ən yaxşı yarışı” adına layiq görülən “Formula-1” Azərbaycan Qran-prisi ən sürətli şəhər yarışlarından hesab olunur. Trekdə ən sürətli dövrə rekordu (1:43.009) “Ferrari” komandasının pilotu Şarl Leklerə aiddir.

Xatırladaq ki, artıq beş dəfə keçirilməsinə baxmayaraq, bu vaxta qədər heç bir “Formula-1” pilotu Bakıda iki dəfə qalib gəlməyi bacarmayıb. Bu məqam hətta pilotlar arasında “Bakı sindromu” adlandırılır.

Azarkeşlərin, marşalların və könüllülərin təhlükəsizliyini təmin etmək məqsədilə trek ətrafında 3600-ə yaxın beton blok quraşdırılıb.

Bakı Şəhər Halqasında doqquz tribuna yerləşir. Ən böyük tribuna 5500 tamaşaçı tutumu olan Abşeron tribunasıdır. Ən kiçik tribuna isə Sahil (456 tamaşaçı tutumlu) tribunasıdır.

“Formula-1” Azərbaycan Qran-prisini canlı izləmək üçün ümumilikdə tribunalarda 16 700 oturacaq quraşdırılıb.

İçərişəhər – trekin ən tarixi tribunasıdır, İçərişəhərin Qoşa qala qapılarının girişində yerləşir. Buradan azarkeşlər yarışı izləməklə bərabər, tarixi qala divarlarının mənzərəsindən də zövq ala bilirlər. İçərişəhər tribunası 900 nəfər tamaşaçı tutumuna malikdir.

www.RIA24.az

Spread the love