Fransa boksu üzrə Azərbaycan çempionatı keçirilib – FOTO

İdman

Abşeron Olimpiya Kompleksində Fransa döyüş sənəti sayılan savat döyüş növü üzrə Azərbaycan çempionatı keçirilib.

Oxu.Az-a verilən xəbərə görə, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışa ümumilikdə 20 bölgə və paytaxt klublarından 300-dək idmançı qatılıb.

Açılış mərasimində Dövlət Himni səsləndirildikdən və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbirdə qonaq qismində iştirak edən şəhid valideynlərinə övladlarının ölkə qarşısında xidmətlərinə, eləcə də qazilərə Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə federasiya adından təşəkkür plaketləri təqdim olunub.

Mərasimdə çıxış edən federasiyanın vitse-prezidenti, Fransa-Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov şəhid valideynlərinə və qazilərə təşəkkür edib, savat döyüş növünün Azərbaycanda son dönəmlərdə geniş vüsət aldığını vurğulayıblar.

Federasiya prezidenti Rafiq Əliyev tərkibinə 100-dən çox ölkəni daxil etmiş dünya, eləcə də Avropa savat federasiyalarının Azərbaycanda bu idman növünün inkişafı ilə bağlı məmnunluq ifadə etdiklərini bildirib.

Azərbaycan çempionatının yekunlarına əsasən, milli komandalar yenidən formalaşdırılacaq. Gənclər 21-24 iyulda Avstriyanın Vayts şəhərində keçiriləcək Avropa birinciliyi, böyüklər isə 20-23 sentyabrda İtaliyanın Milan şəhərində baş tutacaq dünya çempionatı üçün təlim-məşq toplanışına cəlb olunacaqlar.

Qeyd edək, Fransa boksu adlanan Fransa döyüş sənəti növündə əl və ayaqlar bərabər ölçüdə istifadə olunur. Bu növ qərb boksu və ayaqla zərbələrin kombinasiyasından ibarətdir.

www.RIA24.az

Spread the love