Unudulmuş və istismar müddəti bitmiş Zərdabın mərkəzi stadionu hazırda acınacaqlı vəziyyətdədir.
Bu barədə Baku TV süjet hazırlayıb.
Belə ki, 1 500 tamaşaçı tutumuna malik, üç hektara yaxın ərazisi olan stadion ötən əsrin 90-cı illərində istifadəyə verilib.
Sakinlər deyirlər ki, bütün rayondaxili futbol üzrə çempionat uzun illər boyu bu stadionda keçirilib. Amma son illər havanın quraqlıq keçməsi vəziyyəti bir qədər də qəlizləşdirib.
Stadionun mövcud vəziyyəti ilə bağlı Gənclər və İdman Nazirliyindən bildirilib ki, Zərdab rayonunda idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin, o cümlədən qeyd edilən stadionun təmiri məsələsi növbəti illərin proqramlarına daxil edilməsi üçün nazirlik tərəfindən aidiyyəti üzrə təqdim edilib.
Yararsız vəziyyətdə olan stadionlardan biri də Bərdə şəhər stadionudur.
Bu barədə “Xəzər Xəbər” süjet hazırlayıb.
“Pambıqçı” Bərdə və “ABN-Bərdə” komandaları Azərbaycan futbol elitası arasında mübarizə aparmağa da imkan tapıblar. Təəssüf ki, bu komandalar əksər klublarımızın aldığı zərbədən qaça bilməyiblər. Maliyyə sıxıntısı onların da sonunu gətirib.
Amma sonu gələn tək komandalar deyil. Uzun illərdir ki, Bərdə şəhər stadionu acınacaqlı vəziyyətdədir. Bu mənzərə hər gün bərdəli futbolsevərlərə ürək ağrısı yaşadır. Bir zamanlar yerli azarkeşlərin sevimli məkanı olan stadion yox olmaq üzrədir.
İki tribunası olan stadion təxminən 5 000 tamaşaçı tutumuna malikdir. Mərkəzdəki azsaylı plastik oturacaqları saymasaq, tribunaların ancaq daşı qalıb.
Stadionun ot örtüyü də baxımsız vəziyyətdədir, alaq basıb. Bir vaxtlar rəsmi və mötəbər şəxslərin əyləşdikləri VIP loja da yararsız durumdadır.
Rayon sakinlərinin sözlərinə görə, arenaya əl gəzdirilsə, buranı ölkənin ən gözəl stadionlarından birinə çevirmək olar.
Qeyd edək ki, Bərdə şəhər stadionu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındadır.
Sözügedən qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Akif Təvəkküloğlu məsələ ilə bağlı araşdırma aparılacağını bildirdi.
Ətraflı videomaterialı təqdim edirik:
www.RIA24.az