“Futbolçularımla fəxr edirəm”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) baş məşqçisi Milan Obradoviç səfərdə Estoniyaya 5:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunu barədə açıqlamasında deyib.
Qələbə münasibətilə hər kəsi təbrik edən serbiyalı mütəxəssis komanda üzvlərinə əsl futbol sərgilədikləri üçün təşəkkürünü bildirib:
“Çünki onlar qarşılarına qoyulan bütün tapşırıqları yerinə yetirdilər. Xüsusən də taktiki cəhətdən. Məhz buna görə də sərfəli nəticə qazana bildik. Hesabı tez açmağımız bizə özünəinam qazandırdı. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Oyun daha böyuk hesabla başa çata bilərdi”.
Obradoviç darmadağına rəğmən, komandada bəzi fərdi səhvlərin olduğunu da vurğulayıb:
“Məhz buna görə də rəqib qapımız qarşısında təhlükəli vəziyyət yarada bildi. Amma futbolda belə hallar olur. Bunları müzakirə edəcəyik. Amma bu, əsas deyil. Futbolcularıma inanıram. Onlar Azərbaycan futbolunun gələcəyidirlər. Uşaqlara həmişə hər oyunda və məşqdə özlərini sübut etməyi tapşırıram. Arzu edirəm ki, onlar öz klublarına qayıtdıqdan sonra da bunun davamını gətirsinlər. İnanıram ki, onlar daha yaxşı oynaya bilərlər”.
Xatırladaq ki, martın 25-də Sumqayıtda keçirilən görüşdə millimiz hələ də rəqib qapısından qol keçirməyən autsayder Estoniyanı 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Azərbaycanın U-21 komandası bu qələbədən sonra xalını yeddiyə yüksəldib. Bununla belə, komandamız qrupda yenə beşinci yerdə qalıb. Ümumiyyətlə, sona iki tur qalmış bu millimizin qrupu beşinci yerdə bitirəcəyi də dəqiqləşib.
www.RIA24.az