Rusiyada federasiya prezidenti işləyən azərbaycanlı: “Ermənilər 20 milyon təklif etmişdilər ki…” – MÜSAHİBƏ

İdman

Rusiyanın Perm diyarının Cüdo Federasiyasının prezidenti, idman ustası, azərbaycanlı iş adamı Elşad (Yakov) Hüseynovun Oxu.Az saytına müsahibəsi

– Azərbaycana tez-tez gəlirsiniz?

– Bəli, valideynlərim buradadır. Atamın 80 yaşı var. Onu görməyə gəlirəm. Üstəlik, qızım burada oxuyur və neft-qaz sahəsində işləyir.

– Özünüz harada doğulmusunuz?

– Füzuli rayonunun Horadiz qəsəbəsində. Atamgil indi də oradadır. Mən isə 16 yaşımdan Rusiyada – Permdə yaşayıram. Avqustda 50 yaşım tamam olacaq.

– Rusiyaya getməyiniz necə oldu? Bunun tarixçəsini danışardınız…

– 1988-ci ildə orta məktəbi bitirdikdən sonra Kazandakı hərbi məktəbi oxumağa getdim. Ancaq qəbula gecikdim, orada qaldım. Daha sonra 1990-cı ilə kimi Vladivostokda Hərbi Dəniz Qüvvələrində xidmət etdim. Hərbi xidməti başa vurduqdan sonra da Rusiyada qaldım. Rusiyada iki ali təhsilə yiyələndim. Hüquqşünaslıq və iqtisadiyyat üzrə ali təhsilə malikəm. Hazırda bədən tərbiyəsi üzrə magistraturaya sənədlərimi vermişəm. Həmin akademiya Perm diyarının Çaykovski şəhərində yerləşir.

– İdmana gəlişiniz necə alınıb?

– Əvvəlcə kyokuşinkay karate ilə məşğul olmuşam. 20 yaşından cüdoya keçmişəm. Həmin vaxt cüdo Rusiyada inkişaf etməyə başlayırdı. Zalda cüdo məşqi keçənləri gördüm, xoşuma gəldi və bu idman növü ilə məşğul olmağa başladım. Cüdoda idman ustası adını qazandım, veteranlar arasında Rusiya üçüncüsü oldum, Braziliyadakı dünya çempionatında iştirak etdim. Bu idman növü mənim həyatımdır.

– Azərbaycanın cüdo ictimaiyyətindən kiminlə münasibətiniz var?

– Azərbaycan millisi ilə ünsiyyətdə oluram. Olimpiya çempionları – Nazim Hüseynov və Elnur Məmmədli ilə münasibətim var. Azərbaycan millisi Rusiyadakı Avropa çempionatına gələndə Permdə onları qarşılamışam. Bir məqamı da deyim ki, onda üçüncü mərtəbədə Azərbaycan, ikincidə erməni cüdoçular qalırdı. Onların arasında dava düşmüşdü. Davada fəallardan biri də Elnur Məmmədli idi (gülür). Mən onda Perm diyarı üzrə Cüdo Federasiyasının vitse-prezidenti idim. Mənə Rusiya Cüdo Federasiyasından bu davaya görə zəng gəlmişdi. Ancaq məsələni şişirtmədən yatızdırdıq. Elnur Məmmədli o vaxtdan məni gözəl tanıyır. Sonra Olimpiya çempionu oldu.

Sonuncu dəfə Azərbaycan çempionatı olanda mən də arenadan izləyirdim. Həmin vaxt cüdo üzrə dünya və Avropa çempionu Natiq Bağırovla da görüşmüşdüm. Onunla və federasiyanın vitse-prezidenti Elnur Məmmədli ilə görüş zamanı aramızda azərbaycanlı cüdoçuların Permə gəlməsi məsələsi müzakirə olundu.

– 2020-ci ilin sentyabrında Vladimir Plotnikovun yerinə Perm diyarının Cüdo Federasiyasının prezidenti seçildiniz. Bu barədə də danışardınız…

–  Bəli. Dörd il müddətinə prezident seçilmişəm. Onadək vitse-prezident idim. Ancaq indi təklif var ki, ilin sonunda 14 regionu əhatə edən, mərkəzi şəhəri Novosibirsk olan Volqayanı (Privoljski) Federal Dairəsinin Cüdo Federasiyasına rəhbərlik edim. Bura Başqırdıstan, Mari El, Mordoviya, Tatarıstan, Udmurtiya, Çuvaşıstan kimi muxtar respublikalar daxildir. Demək olar ki, bu məsələ reallaşıb. Mənim gördüyüm işləri Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyindən də dəstəkləyirlər.

– Sizin bu vəzifədə olmağınız Rusiya erməniləri tərəfindən necə qarşılandı?

– Mənim indiki vəzifədə qalmağımı istəməyənlər var. Bunlar da ermənilərdir. Azərbaycanda müharibə gedən vaxt – 2020-ci ilin noyabrında ermənilər 20 milyon rubl təklif etmişdilər ki, mən bu vəzifədən çıxarılım. Bu təklifi Rusiya Cüdo Federasiyasının vitse-prezidenti, Perm şəhər dumasının sabiq deputatı Vladimir Plotnikova etmişdilər. O da hirslənmişdi ki, biz burada siyasətlə məşğul olmuruq. Təxminən bir ay bundan qabaq yenə oxşar təklif etmişdilər. Belə bir yüksək postda Rusiya cüdosunda başqa azərbaycanlı yoxdur. Azərbaycanlı hakim, idmançılar var. Ermənilər də artıq Rusiyadakı federasiyalarda öz adamlarının seçilməsinə başlayıb. Artıq Rusiya Futbol İttifaqında (RFİ) bu postlara yiyələniblər (RFİ-nin I vitse-prezidenti, Texniki Komitəsinin sədri Nikita Simonyandır, həmin qurumun digər vitse-prezidenti, Rusiya Premyer-liqasının prezidenti Aşot Xaçaturyantsdır – S.M.).

Baxmayaraq ki, orada yüksək postdayam, kimano geyinib idmançılara qoşuluram, onlarla söhbət edirəm. Sadəliyimlə uşaqların valideynlərindən kifayət qədər dəstək görürəm. Ümumiyyətlə, hər bir azərbaycanlının xarakterində gördüyü işlə insanları özünə cəlb etmək kimi xüsusiyyət var. Biz öz mənəviyyatımızla göstərməliyik ki, bu millətin övladlarıyıq. Perm Diyarının ərazisi Azərbaycanınkından böyükdür. Orada təxminən 30 min azərbaycanlı yaşayır. Çox arzulayardım ki, belə vəzifələrdə çoxlu azərbaycanlılar olsun.

– Müqayisə etsək, hazırda Azərbaycan cüdosunun Rusiyanınkından üstün olduğunu demək olarmı?

– Bunu müqayisə etmək doğru olmazdı. Çünki Azərbaycan cüdoçularının öz döyüş üslubu, güclü idmançıları var. Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş sonuncu Avropa çempionatını mən də izləyirdim. 73 kq çəki dərəcəsində Hidayət Heydərov Avropa çempionu olanda elə bil özüm güləşirdim. Onun çempionluğuna çox sevindim. İstər-istəməz qan çəkir də.

– Adınız Elşad Hüseynov olsa da, Rusiyada Yakov Quseynov kimi tanınırsınız. Bunun səbəbi nədir?

– Orada çox adam hələ 90-cı illərdən mənə Elşad adına oxşadığı üçün “Yaşa” deyirdi. Milliyyətimi də tatar bilirdilər. “Yaşa” adı ləqəb kimi belə də qaldı, heç kimə demədim ki, niyə məni belə çağırırsan?! İndi Elşad Hüseynov kimi təqdim olunanda, dönüb baxırlar ki, bu kimdir? (gülür) 34 ildir ki, “Yaşa” kimi tanındığımdan, 45 yaşımda pasportu dəyişdirəndə adımı Yakov kimi göstərdim. Amma rəsmi şəxslər əsl adımın Elşad olduğunu bilirlər. Atamın adı Əfsərdir. Bəzən özüm də deyirəm ki, məni Elşad Afsaroviç çağırın.

Səbuhi Musa

FOTO: Tapdıq Abdullayev

www.RIA24.az

Spread the love