Öz ölkəsində dövrünün ən məşhur futbolçusu olan belaruslu Aleksandr Qleb Millətlər Liqasında Azərbaycan yığması ilə bu gün keçiriləcək oyun üçün proqnozunu səsləndirib.
41 yaşlı veteran futbolçu bildirib ki, Azərbaycana qarşı oyun çətin keçəcək:
“Azərbaycan millisinin futbolçuları texniki cəhətdən daha güclü və yaradıcı oyun sərgiləyirlər”.
A.Qleb əlavə edib ki, Belarus millisi nizam-intizamlı oynamalı və fərdi keyfiyyətlər hesabına rəqibi üstələməlidir.
A.Qleb hesab edir ki, xüsusən son oyunlarda Belarus millisində yaradıcılıq çatışmayıb.
“Fərdi keyfiyyətlər hesabına üstünlük və qol şansları qazanmaq mümkündür. Ona görə də qorxmasınlar və fərdi keyfiyyətlərini işə salsınlar”, – deyə Belarus futbolunun ən tanınan siması vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Belarus millisinin sabiq üzvü Aleksandr Qleb 1981-ci ildə Minskdə anadan olub.
Belaruslu hücumçu karyerası ərzində “Ştutqart”, “Arsenal”, “Barselona”, “Birmingem”, “Volfsburq” kimi klubların formasını geyinib.
Aleksandr Qleb 2018-ci ildə Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubunun heyətində Azərbaycanın “Qarabağ” klubuna qarşı oyunda da iştirak edib.
Xatırladaq ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu Belarus millisinə qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Mənbə: Sputnik Belarus
www.RIA24.az