“Qələbə” idman festivalı Azərbaycanda ilk dəfə keçiriləcək. Festivalda 16 idman növü təmsil olunacaq. Onlardan üçü yarışda nümunəvi çıxış kimi göstəriləcək. Yarışın Təşkilat Komitəsində Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, Gənclər və İdman Nazirliyi “Makkabi-Azərbaycan” Mədəni İdman İctimai Birliyinin, “Qələbə” ağır atletika idman klubunun və INBA (Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyası) Qlobal Azərbaycan Birliyinin rəsmiləri yer alıblar.
Təşkilat Komitəsinin sədri gənclər və idman nazirinin müavini Mariana Vasilevadır. Festivalı keçirməkdə məqsədimiz bədən tərbiyəsinin təbliğinə dəstək olmaq, kütləviliyi artırmaqdır”.
Bunu Oxu.Az-a “Qələbə” idman festivalının təşəbbüskarı INBA (Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyası) Qlobal Azərbaycan Birliyinin prezidenti Elnur Şıxəliyev deyib.
O, Bakıda keçiriləcək festivala növbəti ildən beynəlxalq idmançıların dəvət oluna biləcəyini bildirib:
“Festivalın “Qələbə” adlandırılması ölkəmizin işğal altında olan torpaqlarının azad olunması ilə bağlıdır. Yarışı şəhidlərimizin xatirəsinə həsr etmişik. Artıq biz bu yarışın növbəti ildən beynəlxalq xarakterli olmasını istəyirik. Bununla bağlı nazirliyə də müraciət etmişik.
Qeyd edək ki, 18-19 iyun tarixlərində Bakı İdman Sarayında keçiriləcək “Qələbə” idman festivalında ağır atletika, aykido, akrobatika gimnastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd idman növləri üzrə iştirakçılar mübarizə aparacaqlar. 500-ə yaxın idmançının iştirakının gözləndiyi yarış üçün qeydiyyat iyunun 10-dək davam edəcək.
Səbuhi Musa
www.RIA24.az