“Komanda ilə kontraktımın ən azı 2024-cü ilə qədər uzadılmasına görə çox şadam. Bu onu göstərir ki, hər iki tərəf əməkdaşlıqdan razıdır. İndi, mənim gələcəyim müəyyən olunduğu vaxtda əsas diqqətimi başlıca məqsəd – yürüşlərdə qələbə və tutul uğrunda mübarizə üzərində 100 faiz cəmləşdirə bilərəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Red Bull Racing” komandasının pilotu Serxio Peres söyləyib.
Pilot deyib: “Gərgin əmək həmişə öz bəhrəsini verir. İki il bundan əvvəl mən “Formula-1”də kontraktsız iştirak edirdim, bu gün isə ən yaxşı komandada çıxış edirəm. Bu fürsətə görə xoşbəxtəm və təşəkkür edirəm. Fikrimcə, indi mənim karyeramın ən yaxşı dövrüdür, daim təkmilləşməyə çalışan komandanın heyətində çıxış edirəm. Bu, mənim üçün və hər bir yürüşçü üçün ideal variantdır.
Qarşıda Azərbaycan yürüşü gözlənilir. Bu il titul uğrunda mübarizə çox gərgin olacaq və tam səfərbər olunmağı tələb edəcək. Keçən il Bakıda “Red Bull Racing” komandasının heyətində ilk qələbə qazandım. Şəhər traslarını xoşlayıram, burada çox şey yürüşçünün ustalığından asılıdır. Var gücünlə hücum edərkən səhvə yol vermək asandır, lakin orada yaxşı nəticə üçün zəruri olan saniyənin ondabir hissələrini qazanmaq olar”.
Xatırladaq ki, “Formula-1” çempionatının Azərbaycan Qran-prisi iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.
www.RIA24.az