“Neftçi”nin baş məşqçi postuna namizəd: “Ukraynada qələbə qazananadək cəbhədə olacağam”

İdman

“Klubla əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyduq. Rəhbərliyə dedim ki, hələlik ora qayıda bilmirəm. Axı necə dönə bilərəm?!”

Oxu.Az xəbər verir ki, bunu Moldovanın “Şerif” klubundan ayrılan və “Neftçi”nin baş məşqçi postuna namizəd olan ukraynalı Yuri Vernidub deyib.

Rusiya ilə müharibədə Ukraynanın müdafiəsində iştirak edən 56 yaşlı mütəxəssis bildirib ki, hərbi xidmətdən sonra onu “Şerif”də heç kim gözləməyəcək: “Bu komandanı növbəti mövsüm UEFA Çempionlar Liqasına hazırlamaq lazımdır. Hesab edirəm ki, çox düzgün hərəkət etmişəm. İndi haradasa işləmək alınarsa, ən yaxşısı, burada qalaraq Ukraynada çalışaram”.

Vernidub gələcək karyerasına hələ aydınlıq gəlmədiyini söyləyib: “Baxacağıq. Planlar var, amma hələlik mən Ukrayna Silahlı Qüvvələrindəyəm. Gələcəkdə necə olacağını bilmirəm. Mənə imkan yaratsalar, işləyəcəyəm. Əks halda, sonadək – qələbəmizədək cəbhədə olacağam”.

Qeyd edək ki, dünən “Neftçi” Samir Abbasovla yeni müqavilə bağlamayıb. Komandanın baş məşqçisi olmağa namizədlər isə Yuri Vernidubla belaruslu Viktor Qonçarenkodur. Vernidubun bu müsahibəsindən belə aydın olur ki, müharibə getdiyi müddətdə o, “Neftçi”də çalışmayacaq.

www.RIA24.az

Spread the love