Yaxınlarda Azərbaycanın pauerliftinq üzrə idmançılarının Azərbaycan çempionatından sonra dopinqə düşdüyü barədə xəbər vermişdik.
Düzdür, onlardan biri daha sonra bəraət aldı. Ancaq pauerliftinq idmançılarının dopinqə yaxalanması müəyyən mətləblərə yol açdı. Məsələ burasındadır ki, yarandığı vaxtdan Ələddin Əliyevin prezidenti olduğu Azərbaycan Pauerliftinq Federasiyası idmançılarını WADA-nın (Ümumdünya Antidopinq Agentliyi) tanıdığı beynəlxalq yarışlara göndərmir.
Dünyada WADA-nın əməkdaşlıq etdiyi yeganə bu növ üzrə idman qurumu Beynəlxalq Pauerliftinq Federasiyasıdır (International Powerlifting Federation). 1971-ci ildə əsası qoyulan, lüksemburqlu Qaston Parajın prezidenti olduğu IPF-ə indiyədək 100-dən çox ölkə üzv olsa da, Azərbaycan hələ də bu beynəlxalq federasiyaya üzv deyil.
Azərbaycan idmançılarının yarışdığı yarışlar isə Ümumdünya Pauerliftinq Konqresi (World Powerlifting Congress) və Ümumdünya Pauerliftinq Federasiyasının (World Raw Powerlifting Federation) təşkil etdikləridir. Hansı ki, burada WADA-nın, eləcə də Azərbaycanda fəaliyyət göstərən AMADA-nın qadağa siyahısında olan bəzi maddələrin qəbuluna icazə verilir.
Məlumat üçün qeyd edək ki, WPC-nin əsası 1986-cı ildə qoyulub və cəmi 46 ölkəni əhatə edir. WPRF-ə isə rusiyalı Kirill Sarıçev başçılıq edir və 2014-cü ildə yaradılıb. Məsələn, Azərbaycan pauerliftinqçiləri WPC-nin təşkil etdiyi Avropa çempionatına hazırlaşırlar. Həmin yarış 22-26 iyun tarixlərində Macarıstanın Kişkunfeledhaza şəhərində keçiriləcək.
Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Pauerliftinq Federasiyasından fikir öyrənməyə çalışıb. Federasiyanın baş katibi Hafiz Verdiyevin sözlərinə görə, IPF-ə üzv olmaq üçün əsas şərt kimi maddi-texniki bazaya malik olmaq lazımdır:
“IPF müəyyən şərtlərlə işləyir. Bunun üçün yığma komandanın idmançılarına maaş verilməlidir, idmançılar təlim-məşq toplanışlarında iştirak etməlidirlər, müəyyən avadanlıqla təchiz olunmalıdırlar. Federasiya bunun üçün nazirlik və ya hansısa icra orqanları tərəfindən maliyyələşməlidir. Bizdə isə Gənclər və İdman Nazirliyi tərəfindən həmin dəstək yoxdur deyə IPF-ə üzv ola bilmirik.
Doqquz çəki dərəcəsi üzrə yarışdan iki saat əvvəl tərəzi proseduru olmalıdır. Amma bu proseduru yerinə yetirmək üçün işə götürməyə, pul verməyə personalımız yoxdur. Bizim sponsorumuz, maliyyə dəstəyimiz olmadığından biz IPF-in yarış şərtlərinə əməl edə bilmirik. Biz də pauerliftinq idmanı bizdə məhv olmasın deyə çalışırıq ki, daha yüngül şərtləri olan beynəlxalq qurumların təşkil etdikləri yarışlarda iştirak edək. Amma eyni zamanda da IPF-ə üzv olmağa çalışırıq. Maddi-texniki avadanlığın təmin olunması üçün 40 min avro maliyyə tələb olunur. Yalnız həmin avadanlıqlarla məşq edib yarışa bilərik.
Ümumiyyətlə, maddi-texniki təminat məsələsi federasiyaya aid olan sual deyil. Bu sual nazirliyə verilməlidir. Federasiya idmançılar üçün əlindən gələn dəstəyi edir ki, bu da azdır”.
Özü də hazırda yarışan Hafiz Verdiyevin sözlərinə görə, sonuncu dəfə maliyyə ilə bağlı Gənclər və İdman Nazirliyinə ilin əvvəlində müraciət olunub:
“Biz bu məsələ ilə bağlı nazirliyə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə fevralda belə müraciətimiz olub. Orada smeta təqdim edib göstərmişik ki, biz Beynəlxalq Pauerliftinq Federasiyasına üzv olmaq istəyirik, filan qədər bizə pul lazımdır. Təəssüf ki, nazirlikdən bizə hələ də rəsmi cavab verilməyib”.
Göründüyü kimi, pauerliftinqin əsas beynəlxalq yarışında iştirak etmək üçün hər şey maliyyəyə dayanır. Sözügedən məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin də rəsmi mövqeyini dərc edəcəyik.
Səbuhi Musa
www.RIA24.az