“1/8 finalda İsraili keçəndən sonra 1/4 finalda Slovakiya ilə görüşün ağırlığını başa düşürdük. Meydan sahibi olduqları üçün onlara qarşı simpatiya ola biləcəyini hiss edirdik. Amma uşaqlar milli ruh nümayiş etdirdilər. Onların gözlərində qığılcım vardı. İnanırdım ki, onlar bu cür istəklə slovakları keçəcəklər”.
Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” futbol klubunun prezidenti Taleh Nəsibov deyib.
– Bildiyimizə görə, minifutbol üzrə millimizin qarşısına Avropa çempionluğu hədəf qoyulmamışdı…
– Konkret hədəf yox idi. Amma əmin idik ki, qrupdan çıxsaq, finaladək irəliləyəcəyik. Çünki qrupumuz çox ağır idi. Qrupdan çıxdıqdan sonra hədəf müəyyənləşdi. İştaha diş altındadır.
– Dörd il əvvəl Ukraynanın paytaxtı Kiyevdə millimiz qrupda qalmışdı. Bu dörd ildə nə baş verdi ki, qrupdan çıxdıq və Avropa çempionu olduq?
– Onda debüt edirdik. Hələ çox şey barədə məlumatımız yox idi. Gəldik, gördük, baxdıq və başa düşdük ki, nəyi necə etməliyik ki, finala kimi komanda çıxaraq… Bu nəticə gördüyümüz işlərin bariz nümunəsidir. Təsisçi Orxan Məmmədov əvvəl futzala sponsorluq edib. Daha sonra “Zirə” futbol klubunu təsis etdi. Bundan sonra Azərbaycan Minifutbol Federasiyasını yaratdı.
– Sanki gördüyünüz işlərlə ən çox tənqid hədəfinə çevrilən müxtəlif qurumlara siqnal da vermiş olursunuz ki, əsl idarəetmə belə olmalıdır…
– Açığı, biz kiməsə siqnal vermirik. Amma bizim öz idarəetmə sistemimiz var. Biz bu cür düz görürük və bu cür idarə edirik. Allah da bizə bu qələbəni nəsib edib. Çünki sistemi düzgün şəkildə qurmuşuq.
Səbuhi Musa
www.RIA24.az