“Qarabağ”ın rəqibi: Polşa əfsanəsi Lex, “dəmiryolçular”, bizə tanış Nika – FOTO

İdman

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Lex”dir.

Oxu.Az Poznan şəhərini təmsil edən bu klubun tanıtmasını edir:

Klub üç əfsanəvi slavyan qardaşlardan (Lex, Çex və Rus) birinin adını daşıyır. 19 mart 1922-ci ildə yaradılan klub əvvəl “Lutnia Dembyets” adlandırılıb. 1930-1994-cü illərdə isə klub Polşa Dəmir Yollarına bağlı bir qurum olub. Məhz bu səbəbdən klubun loqosunda lokomotiv nişanəsi görünür, ləqəbi isə “dəmiryolçu” anlamını verən “Koleyoş”dur.

“Lex” Polşanın elitasında debütünü İkinci Dünya Müharibəsindən sonra – 1948-ci ildə edib. Klubun ən parlaq dövrü 80-90-cı illər olub. Bu komanda həmin dövrdə beş Polşa çempionluğu, üç Polşa kuboku və iki Polşa Superkuboku qazanıb. Ümumiyyətlə, komanda səkkiz dəfə Polşa çempionu olub, beş dəfə kuboku və altı dəfə Superkuboku başı üzərinə qaldırıb. “Lex” Böyük Polşa (Velkopolska) regionunda ən populyar futbol klubu sayılır.

Martın 19-da 100 illiyini qeyd etmiş klubun prezidenti Karol Klimçakdır. Komandanı 50 yaşlı Matsey Skorja çempion etsə də, o, iyunun 6-da şəxsi səbəbləri əsas gətirərək klubdan ayrılıb.

Komandada Niderland, Portuqaliya, Şotlandiya, İsveç, İspaniya, Xorvatiya, Norveç, Gürcüstan, Slovakiya, Fil Dişi Sahili və Ukraynadan futbolçular oynayır. “Lex”in kapitanı Suriya əsilli isveçli Mikael İshakdır. Komandanın yeni transferi Ukraynanın “Metallist” klubundan icarəyə götürülmüş qapıçı Artur Rudkodur.

“Qarabağ”ın rəqibinin heyətində bizə tanış olan iki futbolçu var. Bunlardan biri UEFA Millətlər Liqasında bu ay millimizlə oynamaq üçün Bakıya gəlmiş və 87-ci dəqiqədə sarı vərəqə almış Slovakiya millisinin mərkəz müdafiəçisi Lyubomir Şatkadır. Digər bizə tanış olan futbolçu isə vaxtı ilə Bakı “İnter”i (indiki “Şamaxı”) və “Qəbələ”də oynamış Gürcüstan millisinin dayaq yarımmüdafiəçisi Nika Kvekveskiridir. O, ötən ilin yanvarında Qazaxıstanın “Tobol” klubundan “Lex”ə keçib.

Xatırladaq ki, “Qarabağ” ilk oyununu 43 269 tamaşaçı tutumuna malik olan Poznan stadionunda (bəzən Poznan Bələdiyyə Stadionu və ya Bolqarıstan Küçəsi Stadionu da adlandırılır – S.M.) 5 və ya 6 iyulda keçirəcək. Cavab oyunu isə 12 və ya 13 iyulda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Səbuhi Musa

www.RIA24.az

Spread the love