İsrailin 23 qat çempionu, 24 qat Kubokunun və 7 qat Superkubokunun sahibi olan Təl-Əviv “Makkabi”si üçüncü dəfə Azərbaycan klublarına rəqib olub.
Oxu.Az-ın xəbərinə görə, daha əvvəl bu klub “Xəzər Lənkəran” və “Qarabağ”la avrokuboklarda görüşüb.
2011-ci ildə UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” bu rəqiblə qarşılaşıb. Təl-Əvivdə rəqibinə 1:3 uduzan təmsilçimiz Lənkərandakı cavab matçında qolsuz heç-heçə ilə kifayətlənib.
“Qarabağ” isə bu rəqiblə iki il əvvəl qarşılaşıb. Bu, Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutub. Lakin “Qarabağ” da bu rəqibinə qalib gələ bilməyib. Təl-Əvivdə 0:1 uduzan komandamız müharibə ilə əlaqədar ev oyunlarını keçirdiyi neytral meydanda – İstanbulda 1:1-lik heç-heçə ilə razılaşmalı olub.
Qeyd edək ki, “Makkabi” Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə rəqib olub. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda bu rəqibə qarşı 21 iyulda Bakıda, 28 iyulda İsrailin paytaxtında mübarizə aparacaq.
Səbuhi Musa
www.RIA24.az