Bakı Bulvarında Slovakiyadakı Avropa çempionatında qalib gəlmiş minifutbol üzrə Azərbaycan milli komandasının qalibiyyətinə həsr olunmuş konsert təşkil olunub.
Oxu.Az xəbər verir ki, yığmanın iştirakı ilə keçirilmiş konsert Gənclər və İdman Nazirliyinin, Azərbaycan Minifutbol Federasiyasının (AMF), “Azfar Group”un və “Zirə” Futbol Klubunun təşkilatçılığı, mobil operator “Nar”ın dəstəyi ilə baş tutub.
Tədbirdə “qartallar”ın fəxri prezidenti və Azərbaycan Minifutbol Federasiyasının təsisçisi Orxan Məmmədov, nazirliyin şöbə müdiri Elnur Məmmədov, milli komandanın baş məşqçisi Elşad Quliyev, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və əməkdar artist Bəhram Bağırzadə də iştirak ediblər.
Əvvəlcə böyük ekranda film nümayiş etdirilib. Təqdimatdan sonra milli komanda səhnəyə dəvət olunub.
O.Məmmədov 15 iyun – Qurtuluş günü münasibətilə təbriklərini çatdırıb. O, minifutbol yığmasının Avropa çempionluğundan qürur duyduqlarını bildirib. “Zirə”nin fəxri prezidenti uğurda yarım pay sahibi kimi azarkeşləri vurğulayıb: “Komandamız meydana çıxanda sizi düşünüb, sizi sevindirmək istəyib”.
Daha sonra Elnur Məmmədov milli komandanı təbrik edib: “Biz hər bir qənimətin qədrini bilməliyik. Elə Qənimətlər Parkında sərgilənən hərbi qənimətlərimiz kimi bu Avropa çempionluğu, bu kubok da dəyərlidir. Hər birinizi təbrik edirəm”.
Əməkdar artist Bəhram Bağırzadə isə bildirib ki, hər bir qələbədə dövlət dəstəyi önəmlidir. O, bütün qələbələrin dövlətin və xalqın dəstəyi ilə əldə olunduğunu diqqətə çatdırıb.
Elşad Quliyev bu gün ikiqat bayram qeyd etdiklərini söyləyib. O, federasiyanın təsisçisi Orxan Məmmədova və bütün azərbaycanlı futbolsevərlərə təşəkkürünü bildirib.
“Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov isə deyib: “Biz həmişə futboldan danışanda Orxan Məmmədova deyirdim ki, niyə bu qurumu yaradırsan, bütün gücünü “Zirə”yə ver. Neçə gündür səhvimi anlayıram. Özüm Avropa çempionu olmamışam. Amma sizin Avropa çempuonluğunuzla qürur duyuram. Uşaqlar meydanda nümunəvi mübarizə aparırdılar. Bunu öz işimdə tətbiq edəcəyəm. Meydanda sonadək mübarizə aparan komanda oldu. Dünən də möhtəşəm görüş, qəbul oldu. Siz buna da layiq oldunuz. İlk oyunda uduzduğun komandanı finalda udmaq asan deyil. Bunun tayı-bərabəri yoxdur. Sizinlə fəxr edirik”.
Daha sonra sürpriz olaraq, komandanın qeyri-rəsmi himninə çevrilmiş “Yaşa, Azərbaycan” mahnısı səsləndirilib. Mahnını komanda üzvləri də oxuyublar.
Konsertdə müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif, Səmra və digərləri çıxış ediblər.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan milli komandası tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığma üzvlərini qəbul edib. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov da iştirak ediblər. Həmçinin, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan federasiyaya 1 milyon manat ayrılıb.
www.RIA24.az