“Avropa Həndbol Federasiyası rəhbərliyi ilə səmərəli görüş zamanı Azərbaycan həndboluna fayda verə biləcək bir sıra məsələlər müzakirə mövzusu oldu. Müzakirələr zamanı ölkəmizdə və regionlarda uşaq həndbolunun inkişaf etdirilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıldı. Gənc hakimlərin seminarlarda iştirakı məsələləri Avropa Həndbol Federasiyasının hakimlər üzrə rəsmisi Corc Bebestos, klubların Avropa kuboklarında iştirakı haqqında Avropa Həndbol Federasiyasının klublar üzrə rəsmisi İnes Rayn ilə geniş şəkildə müzakirə olundu. Avropa Həndbol Federasiyasının rəsmisi Biata Kozlovski ilə məşqçilərin lisenziya alması və seminarlarda iştirakı haqqında söhbətlər aparıldı”.
Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Həndbol Federasiyasının birinci vitse-prezidenti Orxan Abbasov deyib.
7-8 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanada Avropa Həndbol Federasiyasının baş ofisində federasiyanın prezidenti Mixael Fiderer və baş katib Martin Hauslaytner ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri, Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədov, federasiyanın I vitse-prezidenti Orxan Abbasov və federasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişinin iştirakı ilə görüş keçirilib.
Həmin görüşdə Azərbaycanda mötəbər yarış keçirilməsi də müzakirə olunub:
“Bu məsələ Vyanadakı görüşün əsas mövzularından biri idi. Görüşlərin nəticəsi olaraq qərara alındı ki, növbəti illərdə gənclərdən ibarət komandaların Avropa çempionatında iştirak etməsi və Avropa çempionatının ölkəmizdə təşkili məsələlərinin müzakirə olunması davam etdirilsin. Ümid edirəm ki, bu müzakirələrin səmərəli nəticəsi kimi, yaxın gələcəkdə ölkəmiz həndbol üzrə mötəbər yarışlara da ev sahibliyi edəcək”, – deyə Orxan Abbasov bildirib.
Səbuhi Musa
www.RIA24.az