“Şamaxı” futbol klubuna yeni icraçı direktor təyin olunacaq.
Bu iddia ilə Futbolinfo.az saytı çıxış edib.
Saytın xəbərinə görə, bu posta sonuncu dəfə səkkiz il əvvəl tarixin yaddaşına qovuşmuş “Simurq”da (Zaqatala) çalışmış Kamran İsmayılov təyin olunacaq.
Məsələ ilə bağlı Oxu.Az Kamran İsmayılovun mövqeyini öyrənib. K.İsmayılov yayılan xəbəri nə təsdiq, nə də təkzib edib:
“Hələ ki, rəsmi bir şey yoxdur. Bu səbəbdən də açıqlama verməyim düzgün olmaz. Amma kimsə mənimlə icraçı direktor vəzifəsi ilə bağlı danışıq aparmayıb”.
O, “Simurq”dan ayrıldıqdan sonra hansı işlə məşğul olduğunu da açıqlayıb:
“Mən qışda Dubayda, Antalyada, yayda Avstriya, Sloveniyada xarici klubların təlim-məşq toplanışlarını təşkil etməklə məşğul idim. Bir xarici şirkətlə frilanser kimi əməkdaşlıq edirdim. Pandemiyaya qədər bu işlə məşğul olmuşam”.
Qeyd edək ki, Kamran İsmayılov əvvəllər “Neftçi” və milli komandada inzibatçı kimi işləyib. O, daha sonra “Şəmkir”, milli komanda, “Şəfa”, “İnter”, “Bakı” və “Simurq”da menecer vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən ayın sonunda “Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğunu əsas gətirərək istefa verib. Ondan sonra kluba Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik edəcəyi deyilsə də, məlumat təsdiqini tapmayıb.
Səbuhi Musa
www.RIA24.az