“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Reqekampfın Bakıda keçirdiyi ilk mətbuat konfransı onu iddialı məşqçi kimi tanıtdı.
Rumıniyalı məşqçi vaxt bəhanəsi etməyəcəyini, hücumameyilli futbol nümayiş etdirəcəyini və uğursuzluqlarda hakimliyi bəhanə etməyəcəyini bildirməklə ambisiyasını ortaya qoydu.
Lakin Reqekampf konfransın bir yerində özünü çox tərifləməklə bir qədər barıtı artıq etmiş oldu. Sual verdim ki, yaşınız o qədər də çox deyil (46 yaşı var). Bu yaşda bu qədər klub dəyişmisiniz, bəzilərində uğursuz olmusunuz, cəmi 6 ay fəaliyyətiniz çəkib.
Bu yerdə ürəyi açılıb “I didn`t change many teams” (“Çox komanda dəyişməmişəm”) dedi və əksinə, uğurlarını sadalamağa başladı. Sitat: “Styaua”da böyük uğurlarım olub. Çempionlar Liqasında format dəyişəndən sonra komandanı qrup mərhələsinə daşıyan ilk mütəxəssis olmuşam. İlk məşqçiyəm ki, “Styaua”nı Avropa Liqasında qrupdan çıxarmışam, hətta “Ayaks”ı mübarizədən kənarlaşdırmışam. Ondan sonra Səudiyyə Ərəbistanında “Əl-Hilal”ı Çempionlar Liqasının finalına çıxarmışam. Orada uğursuzluğum o oldu ki, yaponiyalı hakim dörd penaltini vermədi. “Əl-Vahda”da üç titul qazandım. “Əl-Vəsl”ə getməyim o qədər də yaxşı olmadı. Ora dostumun dəvəti ilə getdim. Həmin klubda iki prezident arasında gedən kiçik müharibənin qurbanı oldum. Oradan da Rumıniyaya qayıdıb, Krayova “Universitatya”sının baş məşqçisi oldum. Birinci il məqsəd Konfrans Liqasına vəsiqə qazanmaq idi. İkinci il çempion olmalıydıq. Ancaq rəhbərliklə görüşdən sonra anladım ki, çempion olmaq şərtinə uyğun mənə dəstək olmayacaq. Ona görə də klubdan ayrıldım. Mən Konfrans Liqasında oynayan komandanı çalışdırmağa layiqəm. Bakıya açıq ürəklə gəlmişəm. Ümid edirəm ki, bu yolun sonunda uğur qazanacağıq”.
Bu, baş məşqçinin fikirləridir. Bəs əslində necə olub?
Özünün də xoşlandığı kimi, qısaca “Reqe” çağırılmağı xoşlayan məşqçi 2009-dan bu yana 15 dəfə klub dəyişib. Bunlardan Rumıniyada “Snaqov”u üç dəfə (hər üç halda karyerası heç bir il çəkməyib), “U Krayova”nı iki dəfə (birinci dəfə 10 gün, ikinci dəfə təxminən bir ay orada çalışıb) və “Styaua”nı iki dəfə çalışdırıb. “Neftçi” onun çalışdıracağı 12-ci klubdur.
Uğursuzluqları az deyil: 2010-cu ilin oktyabrın 23-də 12 oyundan sonra “Qloria” klubundan qovulub. 1 may 2011-ci ildə “U Krayova”da bir neçə oyunçu ilə münaqişə yaşadığı üçün altı oyundan sonra eyni aqibəti yaşayıb.
Fikir verdinizsə, o, açıqlamasında Səudiyyə Ərəbistanının “Əl Əhli” klubundan danışmayıb. Halbuki, Rumıniyaya qayıtmazdan əvvəl son klubu bura olub. Məsələ burasındadır ki, 2021-ci ilin iyunun 30-da üç qələbə, dörd heç-heçə və dörd məğlubiyyətdən sonra o buradan da qovulub.
Müqayisə üçün bildirək ki, “Qarabağ”ın baş məşqçisi olduğu Qurban Qurbanov ondan dörd yaş böyükdür və cəmi iki klubda baş məşqçi işləyib. Həmin iki klubdan biri də məhz indi Laurentsiu Reqekampfın çalışdırdığı “Neftçi”dir.
Onu da bildirim ki, Laurentsiu Reqekampf bu müddətdə məşqçi kimi “Styaua” ilə ikiqat Rumıniya çempionu (2012/13, 2013/14), Rumıniya Superkubokunu (2013) və Liqa Kubokunu (2015/16) qazanıb. O, “Əl Vahda” ilə BƏƏ Liqa Kubokunu (2017/18) və iki dəfə BƏƏ Super Kubokunu (2017, 2018) əldə edib.
Səbuhi Musa
www.RIA24.az