Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşünün kimlə olacağına aydınlıq gəlib.
Oxu.Az-ın xəbərinə görə, Zabitin karyerasındakı son döyüşü braziliyalı Antonio Silva ilə olacaq.
42 yaşlı Antonio Silva “Yekəayaq” (“BigFoot”) ləqəbi ilə tanınır. O, MMA-da 33 döyüş keçirib. Bunlardan 19-da qalib gəlib (15-i nokautla, 2-si rəqibi təslim etməklə, 2-si hakim qərarı ilə), 13-də məğlub olub (11-i nokautla, 2-si hakim qərarı ilə), 1 döyüş isə baş tutmamış hesab edilib. Maraqlıdır ki, o, bu gün Moskvada “MMA Series-53” turniri çərçivəsində Oleq Popovla döyüşə çıxacaq.
Onun kikboksinqdə yalnız bir döyüşü olub. Bu, 2017-ci ilin oktyabrın 14-də Çində keçirilmiş “Qlori-46” turniri çərçivəsində baş tutub. Antonio Silva həmin vaxt niderlandlı Riko Ferhuvenin zərbələri qarşısında aciz qaldığından, hakim döyüşü dayandırmalı olub.
Qeyd edək ki, Zabit Səmədovun bu döyüşü sentyabrın 10-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Almaniya türkü olan Səfər Göktəpəyə məxsus olan “Mix Fight Championship” tərəfindən təşkil olunur.
Səbuhi Musa
www.RIA24.az