Qurban Qurbanov: “Rəqibdən hücum futbolu gözləyirdim”

İdman

“Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Lex”ə 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis komandasından razı olduğunu bildirib: “Klubda hər şey qaydasındadır. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Çatışmayan cəhətlərimiz ola bilər. Lakin oyundan razı qaldım. Səfərdə olmağımıza rəğmən, çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab matçında çox dəyişiklik etmək fikrimiz yoxdur. Gerçəkləşdirmək istədiklərimizi daha yaxşı etməliyik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq”.

Təcrübəli baş məşqçi “Lex”in onlardan üstün oynamadığını söyləyib: “Məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada “Lex”in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur”.

www.RIA24.az

Spread the love