“Bizim üçün yaxşı oyun oldu. Amma qol vura bilmədik”.
“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında yerli “Qaziantep”ə qolsuz heç-heçə etdikləri yoxlama oyunu barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis təlim-məşq toplanışını da dəyərləndirib:
“Burada topla o qədər də çox işləyə bilmədik. Əsas tapşırıq komandanı hazırlaşdırmaqdan ibarət idi. Oyunçuların bəziləri bizə gec qoşulmuşdu. 3 yoxlama qarşılaşmasından sonra komandada zədəli futbolçunun olmaması yaxşı haldır. Hazırlıq prosesini zədəsiz başa vurduq”.
Rumıniyalı baş məşqçi hazırlıq prosesindən razı qaldığını söyləyib:
“Komandanı Konfrans Liqasındakı oyuna hazırlaşdırmaq üçün bir həftəmiz var”.
Regekampf qol problemini aradan qaldırmaq üçün çalışdıqlarını sözlərinə əlavə edib:
“Futbolçularla bu yöndə söhbətlər edirik. Mənim üçün komanda oyunu önəmlidir. Bunun üçün də bizə vaxt lazımdır”.
Mütəxəssis yeni transferlərin uyğunlaşmaq üçün bir az da vaxta ehtiyaclarının olduğunu diqqətə çatdırıb:
“Onları hələlik tam hazır görmürəm. Amma bilirəm ki, hər biri keyfiyyətli oyunçudur. Tam formalarını bərpa etdikdən sonra komandaya köməkləri dəyəcək”.
Baş məşqçi son olaraq komandanın qapıçıları barədə danışıb:
“Hər üç qolkiper haqqında yalnız pozitiv danışa bilərəm. Hər biri üzərində çox çalışır. Qarşıdakı mövsüm üçün bizim çox yaxşı qapıçılarımız var”.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr “Aris”i ilə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.
www.RIA24.az