Azərbaycan aykidoçuları Dünya Oyunlarında ilk uğur qazanıblar

İdman

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının Birmingem şəhərində 100 ölkədən 3600-dən çox atletin qatıldığı “The World Games 2022” (Dünya Oyunları) beynəlxalq idman tədbiri keçirilir. Bu tədbirdə Azərbaycandan olan aykidoçular da iştirak ediblər.

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin (AAAKİB) üzvləri olan Fəxri Qafarlı (3-cü dan qara kəmər sahibi) və Çingiz Məmmədov (3-cü dan qara kəmər sahibi) da Dünya Oyunlarında iştirak ediblər.

Qeyd etmək gərəkdir ki, bu günə qədər Azərbaycan aykidoçuları rəsmi olaraq belə genişmiqyaslı beynəlxalq idman tədbirində çıxış etməyiblər. Odur ki, bu, Azərbaycan aykidoçularının rəsmi olaraq qatıldıqları ilk beynəlxalq tədbirdir.

Dünya Oyunlarında iştirak edən aykidoçularımız bu tədbirə AAAKİB-in də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar. Aykidoçularımızın ilk səfəri onların beynəlxalq arenadakı ilk uğuru ilə yadda qalıb.

Fəxri Qafarlı və Çingiz Məmmədov 32 nəfərdən ibarət olan Aykido üzrə Dünya yığmasına daxil olmağı bacarıblar. Aykidoçularımız Dünya yığmasının tərkibində Birmingemdəki Sports Garden və “Birmingham-Southern College” kolizeyində keçirilimş iki embukada (“nümayiş tədbiri”) çıxış ediblər.

Aykidoçularımız Dünya Oyunlarına qatılmış digər azərbaycanlı atletləri də dəstəkləməyi unutmayıblar. Onlar bütün rəqiblərini məğlub edərək 91 kiloqram çəkidə Dünya Oyunlarının qızıl medalını qazanmış kikboksçumuz Bəhram Rəcəbzadəni tək qoymayıblar, yarımfinal və finalda döyüşçümüzü dəstəkləyiblər.

www.RIA24.az

Spread the love