Dünya yığmasına düşən azərbaycanlı: “Federasiya statusu alsaq, böyük uğurlarımız olacaq” – MÜSAHİBƏ + FOTO

İdman

“Dünya Oyunlarında MDB ölkələri arasında Azərbaycandan başqa heç bir ölkə təmsil olunmurdu. Bu da özlüyündə qürurverici digər məqamlardan biri idi”.

Bunu Oxu.Az-a açıqlamasında Dünya Oyunlarında ölkəmizi təmsil edən aykidoçu Fəxri Qafarlı deyib.

İdmançımızla turnirdəki nailiyyətləri və bundan sonrakı planları barədə söhbət apardıq. Həmin müsahibəni təqdim edirik. 

– Hansı yarışlardan sonra azərbaycanlı idmançılar ABŞ-da keçirilən Dünya Oyunlarına dəvət edildilər? 

– Aykido döyüşü Yaponiyada yaranıb və yapon döyüş növləri arasında ən sülhpərvər olanıdır. Aykido təkcə döyüş yox, həm də fəlsəfədir və insanlarda bir-birinə qarşı hörməti, harmoniyanı təbliğ edir. Bu döyüş növü əsasən özünümüdafiə üzərində qurulub. Qeyd edim ki, Azərbaycan Aykido İctimai Birliyi və onun tərkibindəki klubların mərkəzi Yaponiyadadır. Bundan başqa, Beynəlxalq Aykido Federasiyasının tamhüquqlu üzvüyük. Məhz buna görə Dünya Oyunlarına biz də dəvət aldıq.

Dünya Oyunları özü Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə onun altqurumu olaraq fəaliyyət göstərir. Bu il Dünya Oyunları ABŞ-da keçirilib. Azərbaycandan da mən və Çingiz Məmmədov  iştirak etdik. Azərbaycanı bu cür mötəbər tədbirdə təmsil etdiyimiz üçün fəxr edirik. 

– Hər ikiniz dünya yığmasının heyətinə daxil edildiniz. Bu yığmaya düşməyin nə kimi üstünlüyü var?

– Dünya yığmasına bizim üzvlüyümüz də çox sevindirici hal oldu. Bu, ölkəmiz üçün böyük təmsilçilik imkanı yaradır. Yəni Azərbaycanın bayrağı istənilən genişmiqyaslı beynəlxalq tədbirlərdə dalğalanır. Eyni zamanda bu tədbirdə MDB ölkələri arasında Azərbaycandan başqa heç bir ölkə təmsil olunmurdu. Bu da özlüyündə qürurverici digər məqamlardan biri idi.

Biz orada onlarla xarici ölkədən gələn idmançılarla söhbətlər aparır, onlara Azərbaycan barədə məlumatlar verir, Vətənimizə dəvət edirdik. Bu oyunlar Azərbaycanı bir qədər də tanıtmağımız üçün imkanlar yaratdı. 
 
– Dünya Oyunlarında kikboksçularımızı dəstəkləmisiniz, başqa hansı idman növlərində azərbaycanlı idmançılar iştirak edirdilər? Onlar da sizə dəstək göstərdilər? 

– Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadəni biz orada yarımfinaldan başlayaraq dəstəklədik. Düşünün ki, o, sadəcə, öz məşqçisi Elşən müəllimlə getmişdi yarışlara. Onlara kömək etmək üçün tərcüməçi belə yox idi. Yarışda Birmingem şəhərindən gələn həmyerlimiz və biz birlikdə Azərbaycan Himnini səsləndirdik, bayrağımızı qaldırdıq. Döyüşçümüzü dəstəksiz qoymadıq. Kikboksçumuzun qızıl medal qazanmasına da ürəkdən sevindik. Hamılıqla Azərbaycan adını yüksək səviyyədə təmsil etdik. Orada gimnastlarımızla da görüşdük, şəkil çəkdirdik. Həmçinin karateçilərimiz də orada iştirak edirdilər.

– Bundan sonrakı hədəflər nələrdir?

– Bundan sonrakı hədəflərimiz Azərbaycanı Dünya Oyunları kimi böyükmiqyaslı tədbirlərdə təmsil etməkdir. Məsələn, gələn il Səudiyyə Ərəbistanında Dünya Kombat Döyüşləri keçiriləcək. Bu oyunlarda da iştirak etməyi artıq planlaşdırırıq. Ümumiyyətlə, Beynəlxalq Aykido Federasiyasının təmsil olunacağı bütün tədbirlərdə iştirak edəcəyik. Bütün bunlar bizə ölkəmizi yenidən təmsil etmək üçün imkanlar yaradır və biz imkanlardan faydalanmağa çalışacağıq. Növbəti hədəfimiz Azərbaycan Gənclər və İdman Nazirliyi tərkibində federasiya statusu almaqdır. Biz hazırda bunun üçün çalışırıq ki, daha böyük nailiyyətlərə imza ataq.

Aytac Qasımova

www.RIA24.az

Spread the love