Rusiya futbolunun ulduzlarından sayılan Aleksey Smertin Bakıya səfər edib.
“Çelsi”nin sabiq yarımmüdafiəçisi ölkəmizə gəlişini mediadan gizli saxlayıb. O, paytaxtımızda doğmaları ilə istirahət etdikdən sonra Rusiyaya qayıdıb.
Bu barədə Sports.az-a sabiq futbolçu, hazırda bloger kimi tanınan Nuqzar Kvirtiya məlumat verib:
“Aleksey Gennadyeviç təxminən 2 həftə əvvəl Bakıya gəlmişdi. Onunla İçərişəhərdə görüşüb xeyli söhbət etdik. Bakıda sonuncu dəfə 8 il əvvəl olmuşdu. Şəhər çox dəyişib, gözəlləşib, yenilənib. Hiss etdim ki, buradan zövq alıb.
Bakıya xanımı ilə təşrif buyurmuşdu. Azərbaycanda dostları var. Əyləncə üçün futbol oynadıqlarını da söylədi.
Smertini uşaqlıq illərimdən yaxından tanıyıram. O vaxt mən “Ximki”də oynayanda qardaşı klubumuzda işləyirdi. Smertinin də “Bordo”da çıxış edən vaxtları idi. Yadıma gəlir ki, onun bazaya gəlişi böyük səs-küyə səbəb olmuşdu. Aleksey Gennadyeviçi 20 ildən sonra görmək çox xoş oldu”.
Qeyd edək ki, Aleksey Smertin karyerası ərzində “Dinamo” (Barnaul), “Uralan”, “Lokomotiv” (Moskva), “Bordo”, “Çelsi”, “Portsmut”, “Çarlton”, “Fulhem”, “Dinamo” (Moskva) kimi komandaların şərəfini qoruyub, 1998-2006-cı illər aralığında Rusiya millisinin əsas simalarından olub.
O, “Çelsi”nin heyətində İngiltərə çempionu və İngiltərə Liqa kubokunun qalibi adını qazanıb.
www.RIA24.az