Yeni stadion kimə mane olur?

Gündəm İdman

Azərbaycan Kooperasiya Universitetinin və Bakı Biznes və Kooperasiya Kollecinin öz daxili vəsaitləri hesabına, həm də kollecin balansında olan torpaq sahəsi üzərində inşa etdirdiyi qapalı stadion uşaq və gənclərimizin sağlam həyat tərzinə cəlb olunması işinə xidmət edəcək. Lakin bu hal bəzi qüvvələri nədənsə narahat edir…

Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq aparılan gənclər və idman siyasətinin əsas məqsədi respublikamızda idmanın inkişafı və bu zəmində formalaşmaqda olan gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsidir. Məhz bu məqsədlərə nail olmaq üçün hər il dövlətimiz tərəfindən bu sahəyə milyonlarla vəsait xərclənir.

Təbii ki, biz hamımız idmanın inkişafının gənclər və idman dövlət siyasətinin prioritet istiqaməti olduğunu gözəl bilirik və bunu təqdir edirik. Həmçinin bu istiqamətdə təkcə dövlətin deyil, imkanları daxilində hər bir qurum və təşkilatın, hətta hər bir vətəndaşın da səy göstərməli olduğu fikrilə də yəqin ki, hamımız razıyıq. Lakin təəssüflər olsun ki, sözdən işə keçəndə heç də hamımızın bu fikirlərlə həmrəy olmadığına dair əsaslı şübhələr ortaya çıxır. Bəzi hallarda isə hətta açıq-aşkar formada ölkəmizdə idmanın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərə zidd addımların atıldığının da şahidi ola bilirik.

Bu yaxınlarda Azərbaycan Kooperasiya Universitetinin və Bakı Biznes və Kooperasiya Kollecinin rəhbərliyi birgə səyləri ilə, bu müəssisələrin daxili vəsaitləri hesabına həm universitet və kollec tələbələrinin, həm də ətraf ərazilərdə yaşayan uşaq və gənclərin idmana olan maraqlarını daha da stimullaşdırmaq və ən əsası da onlar arasında sağlam həyat tərzini əyani şəkildə təbliğ etmək məqsədilə kollecin balansında olan torpaq sahəsində yeni bir stadion tikdirmişlər. Lakin bu gözəl təşəbbüs gözlənilmədən kimlərinsə narahatlığına səbəb olmuşdur. Belə ki, kimliyi dəqiq məlum olmayan bəzi insanlar tərəfindən kütləvi informasiya vasitələrinə müraciətlər hazırlanmış və bu müraciətlərdə yeni tikilən stadionun guya ki, yol kənarındakı piyada səkisini zəbt etdiyinə və sakinlərin gediş-gəlişinə mane olduğuna dair iddialar yer almışdır. Bu məsələyə aydınlıq gətirmək üçün redaksiyamızın əməkdaşları da bu gün həmin əraziyə ezam olunaraq, onlar tərəfində yerində bəzi araşdırmalar aparılıb. Həmin araşdırmaların nəticələrini oxucularımıza təqdim edirik.

İlk növbədə qeyd edək ki, stadionun tikildiyi torpaq sahəsi hələ 1961-ci ildə Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Kooperativ texnikumunun tədris binasının, yataqxana və idman meydançasının tikintisi üçün Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına ayrılmışdır və artıq 50 ildən artıqdır ki, indiki Bakı Biznes və Kooperasiya Kollecinin istifadəsindədir. 2019-cu ildə isə həmin ərazi kollec tərəfindən özəlləşdirilərək bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarış alınmışdır. Yəni bu torpaq sahəsinə hər hansı bir fiziki və ya hüquqi şəxsin heç bir iddiası ola bilməz.

İndi də keçək stadionun yerləşmə baxımından ərazidə avtomobillərin və ya piyadaların hərəkətinə hər hansı maneçilik törədə bilmə ehtimalına. Əməkdaşlarımızın əraziyə keçirdikləri ətraflı baxış nəticəsində aşağıdakılar müəyyən edilmişdir:

1. Yeni tikilmiş stadion kənarında yerləşdiyi avtomobil yolunun (Nəcəf Nərimanov küçəsi) enini qətiyyən daraltmır və avtomobillərin hərəkətinə heç bir maneə törətmir;

2. Yolun stadion yerləşən tərəfində ümumiyyətlə yaşayış binaları yoxdur (stadiondan bir tərəfdə atçılıq idman mərkəzi və bir iaşə obyekti, digər tərəfdə isə inzibati bina yerləşir) və eyni zamanda da yolun bu tərəfində piyada hərəkəti üçün heç bir səki (trotuar) nəzərdə tutlmayıb və çəkilməyib;

3. Piyada səkisi yolun digər tərəfində, yəni universitetin, kollecin və yaşayış binalarının yerləşdiyi tərəfdədir (şəkillərdən göründüyü kimi, çox geniş və səliqəli piyada yoludur) və piyadalar da məhz bu tərəflə hərəkət edirlər.

Bir məqamı da xüsusi olaraq vurğulayaq ki, ərazidə olarkən əməkdaşlarımız yaxınlıqda yerləşən yaşayış binalarının həyətlərinə də baş çəkmiş və orada rastlaşdıqları sakinlərin fikirlərini də öyrənmişlər. İnsanların birmənalı olaraq rəyləri bu olmuşdur ki, yeni stadionun tikintisi olduqca gözəl və təqdirəlayiq bir təşəbbüsdür. Əlbəttə ki, uşaq və gənclərimizə sağlam həyat tərzinin təbliğ olunması, onların idmana cəlb edilmələri ən gözəl niyyətdir və dediyimiz kimi, ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də məhz budur.

Beləliklə, bütün bu deyilənləri bir daha ətraflı düşündükdən sonra ortada qaranlıq qalan yalnız bir məqam olur. Görəsən yeni idman qurğularının tikintisindən, gənc nəslin sağlam həyat tərzinə üstünlük verməsindən və ümumiyyətlə ölkəmizdə dövlət siyasətinə öz əməllərilə dəstək verən insanların sayının durmadan artmasından narahat olan qüvvələr kimlərdir? Ola da bilsin ki, bu narahatlıq hansısa işbazların növbəti dəfə qazanc əldə etmək cəhdlərinin öz vətənini,öz dövlətini sevən insanlar tərəfindən alınmasından dolayı ortaya çıxıb. Baxdığımız halda isə öz mənafeylərini dövlətin siyasətindən, xalqın mənafeyindən üstün tutanların qarşısında durmuş olan şəxs məhz Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevdir. Məsələ bundadır ki, sözü gedən stadionun yerləşdiyi ərazi şəhərin mərkəzi hissəsindədir. Bununla bağlı bir neçə dəfə Eldar müəllimə ərazinin satılması və ya orada şərikli obyektin tikintisi təklifi ilə müraciət edənlər də olub. Hətta konkret təkliflərdə bu obyektlərin avtoyuma müəssisəsi, pivə barı və ya restoran olacağı da bildirilib. Lakin rektor bütün bu təklifləri birmənalı olaraq rədd edib və hər kəsə həmin ərazidə stadion inşa ediləcəyini bildirib. Hal-hazırda stadionun tikintisində son tamamlanma işləri görülür və ən müasir standartlara uyğun olan Türkiyədən gətirilən avadanlıqlardan istifadə olunur.

Bu gün isə rektor Eldar Quliyev həqiqətən də dövlətə, milli mənafeylərimizə və dövlətimizin yürütdüyü siyasi kursa sədaqətini bir daha nümayiş etdirərək, söz verdiyi kimi, həmin ərazidə müasir bir idman qurğusunun inşasını həyata keçirir. Eldar müəllimin bu işi onun sadəcə sözdə deyil, öz əməllərində də dövlətimizin gənclər və idman siyasətini dəstəkləməsindən, gənc nəslin fiziki cəhətdən sağlam, milli vətənpərvərlik ruhunda formalaşmaları işinə necə böyük önəm verdiyindən xəbər verir.

aia.az
Elbrus Bağırov












Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir