Davud Kərimi: “İngilislər “Yaşa, Azərbaycan” mahnısını oxuyanda bizə qoşuldular” – MÜSAHİBƏ + FOTO

Bu ay minifutbol üzrə milli komandamız Slovakiyanın Koşitse şəhərində Avropa çempionu oldu. Qitə çempionatında qızıl medalların qazanılmasında Davud Kəriminin az rolu olmadı. Ria24.Az turnirin ən yaxşı qapıçısı seçilən qolkiperdən götürdüyü müsahibəni təqdim edir:

– Sizin I divizionun son qalibi “Qaradağ Lökbatan”da məşqçi işlədiyinizi bilirik. Bəs necə oldu ki, minifutbol millisinə düşdünüz?

– 2018/2019 mövsümünün sonunda “Keşlə”dən (indiki “Şamaxı” – S.M.) ayrıldıqdan sonra mənə təklif gəlmədiyi üçün futboldan uzaqlaşdım. I diviziondan təklifim olsa da, orada oynamaqdansa məşqçi kimi işləməyi üstün tutdum. Əvvəl uşaq futbolunda məşqçi işləməyə başladım. 2020/2021 mövsümündən etibarən “Qaradağ Lökbatan”ın məşqçilər heyətində qapıçılar üzrə işləyirəm. Şükür ki, bu il biz çempion olduq.

Minifutbola gəlincə, mən Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi Fayr Liqada “Bizon” komandasında da futbol oynayırdım. Milli komandanın baş məşqçisi Elşad Quliyev oyunumu görəndən sonra yığmaya dəvət etdi. Mən də “Qaradağ Lökbatan”ın məşqi olmayanda gedib onlarla məşq keçirdim. Elşad müəllim dörd qapıçı arasından seçim edirdi. Sonda qərarlaşdırdı ki, “15-lik” qapıçılardan mənimlə Ramil Həsənzadə Avropa çempionatına aparılaq. Ramil kapitan olduğu və ayaqla yaxşı oynadığı üçün seçildi. Mənim milli komandaya seçilməyim isə böyük futbol oynamağımla bağlı idi. Çünki minifutbolda futzaldan fərqli olaraq qapı böyükdür. Digər iki qapıçı isə futzal qapısına daha çox öyrəşmişdi.

– Amma minifutbol millisinə çağırılanda, yəqin ki, daha çox məşqçilik karyeranız barədə düşünürdünüz və burada hansısa ciddi uğur qazanacağınızı gözləmirdiniz…

– Bəli. Avropa çempionatına gedəcəyimi gözləmirdim. Elşad müəllim mənə çox dəstək oldu. Mənə dedi ki, burada olduğum müddətdə sən minifutbolda yer alacaqsan. Şükürlər olsun ki, mən də onun etimadını doğrultdum.

– Bizim milli komandanın Avropa çempionu olmasını daha çox sabiq peşəkar oyunçulardan ibarət olması, rəqiblərin heyətinin isə həvəskarlardan qurulması ilə əlaqələndirənlər var. Bu söz-söhbətlərə münasibətiniz?

– İtaliya millisinin heyətində əslən braziliyalı olan Fabinyo vardı. O, futzalda bizim “Araz” komandasında da çıxış etmişdi. Gürcüstan millisinin heyətində Ramil Həsənzadə ilə “Neftçi”nin futzal komandasında çıxış etmiş oyunçu vardı. Kim nə deyir-desin, biz bu söhbətlərə məhəl qoymuruq. Onda mən də sual verirəm: Rəqiblər məgər bizdən aşkar zəif idilər? Necə həvəskar idilər ki, bizimlə başa-baş oynayırdılar?!

Rumıniya, Albaniya, Slovakiya milliləri bizimlə oyunlarda nə qədər qol vəziyyəti yaratdılar. Deməli, onlar da bizim qədər “peşəkar” idilər. Rumıniya millisinin üzvləri böyük futboldan gələnlər idi. Bolqarıstan, Slovakiya, Ukrayna, Qazaxıstanda minifutbol turnirləri keçirilir. Məsələn, sentyabrda Qazaxıstan millisi bizi turnirə çağırıb. Bildiyimə görə, Rusiya, Belarus kimi yığmalar da orada iştirak etməlidirlər. Ancaq əsas diqqətimizi yanvarda BƏƏ-də keçiriləcək dünya çempionatına yönəltmişik.

– İngilis dilində “Go, go, go, final” deməyiniz maraqla qarşılandı. Avropa Minifutbol Federasiyasının kamerasına ingilis dilində müsahibə verməyiniz necə alındı?

– İspaniya ilə oyundan sonra federasiyanın əməkdaşı Orxan Hüseynov mənə yaxınlaşdı ki, ingiliscə müsahibə vermək lazımdır. O bilirdi ki, mən az-maz ingiliscə bilirəm. Orxan yanımda dayanıb, çətinlik çəkəcəyim halda mənə köməklik etməliydi. Ancaq yanımda dayanmasını özüm istəmədim.

– Ümumiyyətlə, ingilis dilini harada öyrənmisiniz?

– Anam ingilis dili müəllimidir. Yazıq anam həmişə qardaşıma da, mənə də deyirdi ki, gəlin bu dili öyrənin, gələcəkdə lazımınız olacaq. İndi görürəm ki, düz deyirmiş. Amma mən klubda oynayanda legionerlərlə ingilis dilində danışmağa çalışmışam. İngilis dilim mükəmməl olmasa da, çulumu sudan çıxara bilirəm. Dünya çempionatınadək bu dili mükəmməlləşdirməyə çalışacağam.

– Müsahibələrinizdən birində özünüzə qarşı diqqətin olmamasından gileylənmişdiniz. Demişdiniz ki, futbol oynayanda məni axtaranlar indi yada salmırlar. Avropa çempionu olandan sonra yenidən sizi axtarmağa başladılar?

– Ola bilər ki, həmin insanların da işləri çoxdur. Futbol oynamayanda görürsən ki, heç kimə lazım deyilsən. Ümumiyyətlə, bu il mənim üçün çox düşərli oldu. Əvvəlcə B kateqoriyalı məşqçilik lisenziyasını aldım. Daha sonra böyük futbolda I divizionun qalibi və Slovakiyada minifutbol üzrə Avropa çempionu oldum. Nəticədə xalqın sevgisini qazandıq və ölkə başçısının qəbulunda olduq.

– Etiraf edin ki, yatsanız da, yuxunuza girməzdi ki, futbolçu karyerasını bitirmiş biri olaraq nə vaxtsa Prezidentin qəbulunda olarsınız…

– Elədir. Prezidentlə görüşəcəyimizi gözləmirdik. Ölkə başçısı ilə görüş unudulmaz xatirə kimi yaddaşımızda qalacaq… Məni yandıran rəhmətlik atamın bu anı görməməsi idi. Onun arzusu o idi ki, mən heç olmasa bircə dəfə də olsun, böyük futbolda Azərbaycan millisinin heyətinə düşüm. Atam onu görmədi. Mən o millinin şərəfini qoruya bilməsəm də, bu milliyə düşdüm və Avropa çempionu oldum. Bu, çox möhtəşəm hissdir. İnşallah, Göyçay rayonunda olan atamın qəbrinə baş çəkib onunla da bu barədə dərdləşəcəyəm.

– Atanızın başqa nə arzusu vardı?

– Mən atamın arzularını onun sağlığında qismən yerinə yetirmişdim. Arzusu “Neftçi”yə düşməyim və Premyer Liqada oynamağım idi. Bunları yerinə yetirmişdim. Yaxşı qapıçı olmağımı istəyirdi. Kamran Ağayev qədər güclü qapıçı olmasam da, özümə görə yaxşı qolkiper idim və ondan heç də zəif olmamışam. Premyer Liqada ən çox oyun keçirmiş 20 qapıçı arasındayam. Bir arzusu nakam qalmışdı. O da Azərbaycan millisinə düşməməyimlə bağlı idi. Rəşad Sadıqov demişkən, bir-iki oyunda qalib gəlmək mümkündür, ancaq həvəskar da olsa, 24 komanda arasında birinci olmaq çox çətindir. Bu çempionatın adı həvəskar idi. Arena buzüstü hokkey meydançası olsa da, onun üzərinə qazon döşəyib mükəmməl şərait yaratmışdılar. Ən zəif oyunlarda belə, azarkeşlər olurdu. Slovakiyanın sabiq FIFA referisi Lyuboş Mixel gəlib bu çempionatda oyun idarə edirdi.

– Bəlkə də, taleyin ironiyası idi ki, Azərbaycan millisi Slovakiyaya Bakıda uduzduğu halda, siz minifutbol olaraq Slovakiyada qalib gəldiniz.

– Orada olanda uşaqlar deyirdilər ki, biz Azərbaycan millisinin heyfini aldıq. Həm Slovakiyanı əvvəl yoxlama oyununda, daha sonra 1/4 finalda məğlub etdik, həm də millimizin uduzduğu Qazaxıstana yarımfinalda qalib gəldik. Bir növ onların qisasını alırdıq.

– Belə turnirlər vaxtı maraqlı hadisələr baş verir. Orada olanda maraqlı nə hadisə baş verib?

– Biz İngiltərə millisi ilə bir hoteldə qalırdıq. Ya Slovakiya, ya da Qazaxıstan üzərində qələbədən sonra İngiltərənin üç-dörd futbolçusu da bizimlə birgə avtobusda hotelə qayıdırdı. Onda Nurlan Ordubadlının “Yaşa, Azərbaycan” mahnısını oxuduq. Onlar da bizə qoşuldular. Daha sonra həmin oyunçulardan biri Bəxtiyar Soltanova avtobusda çəkdiyi həmin görüntünü paylaşdığını və İngiltərədə çoxlu “layk” aldığını göstərdi (gülür).

– Sosial şəbəkələrdə bir videonuz da yayılmışdı. Siz hamınız finaldan sonra paltardəyişmə otağında sakit, qanıqara dayanmısınız. Bu anda komandanın qapıçısı Ramil Həsənzadə kubokla içəri girir və deyir ki, ə, niyə sakit durmusunuz?! Bu ideya kimin idi?

– Bu, sizin “İdman” telekanalında işləyən həmkarınız Sərxan İbrahimovun və federasiya prezidenti Taleh Nəsibovun ortaq ideyası idi. Düşünürəm ki, gözəl bir şey alındı və çox bəyənildi.

– 1/8 finalda İsrailə vurduğunuz qol haqqında da danışaq. Bunun üzərində işləmişdiniz?

– “Neftçi”nin rəhbərliyi Bakıxanov qəsəbəsində yerləşən bazasında bizə məşq keçməyə şərait yaratmışdı. Oradakı stadionu minifutbol ölçülərində bölüb, haradasa bir ay məşq keçmişdik. Onda futzaldakı kimi rəqib qapıçı meydandan çıxarılıb, sahə oyunçusu meydana girəndə boş qapıya öz mövqeyimdən necə qol vurmaq barədə işləmişdim. Slovakiya ilə oyunda da belə vəziyyətim oldu, ancaq fərqlənə bilmədim.

– 2018-ci ildə minifutbol millimiz Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş Avropa çempionatında debüt etmişdi. Həmin heyətdən sizi bu titul münasibətilə təbrik edən olub?

– Bizdə oynayan Seymur Məmmədov Renat Sultanovla dostdur. Bəlkə də, Renat ona zəng edərək təbrik edib. 2018-ci ildəki heyətdə olan Seymur Bəydəmirov mənə xoş sözlərini çatdırıb.

Səbuhi Musa
Daha çox foto burada: Photostock.az

www.RIA24.az