WTF prezidenti: “Azərbaycanın təcrübəsi hesabına möhtəşəm yarış keçirəcəyinə şübhə etmirik”

“Biz Bakını 2023-cü ildə taekvondo üzrə dünya çempionatının ev sahibliyinə layiq görülməsi münasibəti ilə təbrik edirik”.

Ria24.Az-ın xəbərinə görə, bunu Ümumdünya Taekvondo Federasiyasının (WTF) cənubi koreyalı prezidenti Çu Çanq-von deyib.

Bu gün İsveçrənin Lozanna şəhərində Olimpiya binasında WTF Şurasının Növbədənkənar iclası keçirilib. İclasda 2023-cü ildə –  WTF-nin 50 illik yubileyi vaxtı taekvondo üzrə dünya çempionatının Bakıda keçirilməsinə qərar verilib.

“Şübhə etmirik ki, onlar bütün bilik və təcrübələri ilə 50 illik yubileyimizi qeyd etmək üçün möhtəşəm yarış keçirəcəklər. Biz həmçinin dünya çempionatı üçün namizədliyini vermiş Çinin Usi şəhərinə də təşəkkür edirik”, – deyə Çu Çanq-von deyib.

Həmçinin, iclasda bu ilin noyabrında Meksikanın Kankun şəhərində keçirilməli olan dünya çempionatının siyasi və maliyyə çətinlikləri səbəbindən orada baş tutmayacağı, yarışın metropolis şəhəri Qvadalaxarada olacağı təsdiqlənib.

Səbuhi Musa

www.RIA24.az