Yaşayış yerlərini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondunun bazasına əlavə mənzillərin daxil olması müvafiq mənzillərə əhalinin maraq həcmindən asılı olacaq.
Bu barədə Fondun onlayn mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, əhalinin bu mənzillərə olan tələbatı və ehtiyacı ölçülür. Gələcəkdə mənzil bazasının artırılması üçün kreditə götürülən mənzillərin sayında da artım müşahidə olunmalıdır. Bununla bağlı Fondun ehtimal və proqnozları mövcuddur. İlin sonuna qədər daha dəqiq rəqəmlər təqdim olunacaq.
Eləcə də, məlumat verilib ki, Fond məhdud həcmdə olan vəsaiti daha çox ehtiyac olunan ərazilərə yönəldilib. Hazırda rayon və kəndlərdə bu mexanizmin tətbiqi ilə bağlı plan mövcud deyil. Bunun üçün rayon və kəndlərdə də müvafiq mexanizmin tətbiqinə maraq olmalıdır. Yəni istənilən halda tələb və ehtiyac yaranmalıdır.
Qeyd edək ki, Fond tərəfindən yaşayış yerlərinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron rayonunun Xırdalan şəhərində tətbiq edilib.
Nigar Məmmədova