Mənzil bazarında SON VƏZİYYƏT: qiymətlər qalxıb, yaxın bir-iki il ərzində… – Ekspert

AKTUAL İqtisadiyyat

Daşınmaz əmlak bazarında qiymətlərdə müəyyən qədər artım nəzərə çarpır. Bu artım inşasına başlanan yeni tikililərdə müşahidə olunur. Bunun əsas səbəbləri kimi ipoteka kreditlərinin verilməsindəki artım, çoxmənzilli binaların tikintisi üçün yararlı torpaq sahələrinin məhdud olması və ya qiymətlərinin həddindən artıq baha olması, həmçinin son iki ildə tikinti materiallarının qiymətlərindəki artım göstərilir.

Azərbaycanın mənzil bazarındakı son durumu  qiymətləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, mənzillərin satışında qiymət artımı böyük faizdə olmasa da, müəyyən miqdarda bahalaşma müşahidə olunur.

Ekspert bildirib ki, hər dəfə ipoteka kreditləri ayrılan zaman müştəri artımının olması mənzil bazarına təsirsiz ötüşməyib: “Ancaq ipoteka kreditlərinə də hər mənzil düşə bilmir, çünki çıxarış olmalıdır. Burada limit də var, tutaq ki, bank yüz min və ya yüz əlli min manata qədər vəsait ayırır. O civarda olan anlaşmalar üzrə də tələbat çoxalır. Seçim olmayanda qiymətlərdə artım müşahidə olunur. Yüz min manat dəyərində olan çıxarışlı 2-3 otaqlı mənzillər hansısa bir ərazidə satılırsa, satışda olmayan, ancaq tələbat olduğu üçün mənzil sahiblərinin satışa çıxardığı mənzillər yuxarı qiymətə təklif edilir”.

E.Fərzəliyev qeyd edib ki, hazırda binalar əvvəlki kimi tikilmir və məhdud saydadır. Binaların sayının az olması onlara tələbatı çoxaldır və qiymət artımı bu zaman qaçılmaz olur. Ekspert binaların məhdud sayda tikilməsinin bir neçə səbəbini açıqlayıb: “Birincisi, çoxmənzilli binaların tikintisi üçün artıq normal ərazilərdə torpaq sahəsi yox dərəcəsindədir. Olanlarda da qiymətlər çox bahadır. Digər tərəfdən isə, tikintilərə nəzarət imtiyazı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. Komitə tikintilər üçün olan şərtləri sərtləşdirib. Məqsəd isə bundan ibarətdir ki, binalar iç-içə tikilməsin, ara məsafəsi düzgün qoyulsun və yaşıllıq ərazi daha çox olsun. Bu şərtlərə görə indiki bazar qiyməti ilə tikinti aparmaq sərf etmir. Məsələn, Yeni Yasamalda mənzilin bir kvadratmetrinin qiyməti 800-1000 manat arasında dəyişir. Bu gün hansısa tikinti şirkəti o ərazidə yenidən bina tikmək istəsə, bu qiymətlə orada tikinti aparmaq sərf etməyəcək. Eyni qiymətlə bunu etsə, oradan ziyanla çıxacaq. Şirkət orada mənzilin kvadratmetrini 1200-1300 manata satmalıdır ki, həm xərci çıxarsın, həm də qazanc əldə etsin. Bu baxımdan tikinti şirkətlərinin əksəriyyəti çoxdan tikilmiş binalardakı mənzillərin satılmasını gözləyir ki, onlar üçün ciddi rəqabət olmasın və bundan sonra tikməyə başlasınlar”.

Elnur Fərzəliyev paytaxtın bəzi ərazilərində mənzillərin qiymətlərindən də danışıb. Bildirib ki, yeni tikililərdə artım olsa da, köhnə binalarda standart qiymətlər qalmaqdadır: “Məsələn, Yasamal rayonu Yeni Yasamaldan başlayır və ərazi şəhərin mərkəzinə doğru gedir. Yeni Yasamaldan mənzilin bir kvadratmetrini 800-1000 manata almaq olur, ancaq Nizami və Elmlər Akademiyası metrostansiyaları ətrafında bu qiymət 2000-2500 manat arasında dəyişə bilir. Digər rayonlar da elədir. Köhnə binalarda isə hər rayon və ərazi üzrə standart qiymətlərdir”.

Ekspert yaxın 2-3 il ərazində mənzil bazarı ilə bağlı bəzi proqnozlarını da verib: “Çoxmənzilli binaların tikintisi üçün yararlı olan torpaq sahələrinin məhdud olması və qiymətlərinin həddindən artıq baha olması gələcəkdə tikiləcək çoxmənzilli binaların qiymətlərində ciddi artım olacağından xəbər verir. Yaxın bir-iki il ərzində mənzil bazarında minimum 20-30% artım olacağını düşünürəm. Bir binanın tikintisinə iki-üç il vaxt gedir. Üç-dörd il əvvəl bir ərazidə torpağın bir sotu əlli min manat idisə, indi həmin ərazidə torpağın bir sotu yüz min manata satılır. Bir binanı inşa etmək üçün əgər şəxs bir hektar torpaq sahəsi alırsa, beş il bundan əvvəl 5 milyon manat verirdisə, bu gün ona 10 milyon manat verməlidir. Bu isə çox böyük fərqdir. Şirkət də xərci çıxarmaq üçün qiymətləri artırmaq məcburiyyətindədir.

Başqa bir məqam isə, 2020-ci ildən başlayaraq mərhələli olaraq az da olsa tikinti materiallarının satış qiymətində artımlar oldu. 2019-cu illə 2021-ci il arasındakı fərqi götürsək, çox ciddi artımdır. Bəzi tikinti materiallarının qiymətində 30-40% artım var. Bu, tikinti xərcini artırdığına görə, yaxın gələcəkdə qiymətlərin qalxacağından xəbər verir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir