Ölçmə vasitələrini yoxlayan fiziki şəxslər üçün attestasiya keçiriləcək

İqtisadiyyat

Bakı. Trend:

İyulun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətinin həyata
keçirilməsi üçün fiziki şəxslərin növbəti attestasiyası baş
tutacaq.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

Məlumata görə, attestasiya prosesində yoxlayıcıların peşə
(təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri,
kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində qanunvericilik aktları üzrə biliklərinin
qiymətləndirilməsi aparılacaq.

Bildirilib ki, attestasiya olunmaq məqsədilə ölçmə vasitələrinin
yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də
bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində
fəaliyyət göstərən əməkdaşları 25 iyul 2025-ci il tarixinədək
müvafiq ərizə formasını (“Ölçmə vasitələrinin yoxlanılmasını həyata
keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli
əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinə müraciət etməlidirlər.

Agentliyə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif)
və elektron poçt ([email protected]) vasitəsilə
müraciət oluna bilər.




Attestasiyadan uğurla keçmiş yoxlayıcılara Agentlik tərəfindən 5
il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.

Tarix: 28 iyul 2025-ci il, saat 15:00-17:00

Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin inzibati
binası

Ünvan: Üzeyir Hacıbəyov küçəsi 84, Hökumət Evi, 7-ci qapı.