Bu ilin birinci yarımili üzrə Naxçıvan Muxtar Respublikasının iqtisadi göstəriciləri açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin ilk 6 ayı ərzində muxtar respublikada istehsal olunan
məhsullar Gürcüstan, Rusiya, Yəmən, Türkiyə, ABŞ, Qırğızıstan və
digər ölkələrə ixrac edilib. Ümumi ixrac dəyəri 5,8 milyon ABŞ
dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
16,0 faiz çoxdur.

Trend
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən
xəbər verir ki, bu barədə nazir Kazım Hüseynəliyev məlumat
verib.

Bildirilib ki, 2025-ci ilin birinci yarımili ərzində ixrac
potensialının genişləndirilməsi və beynəlxalq təcrübənin
öyrənilməsi məqsədilə ölkə daxilində və xaricdə keçirilən 11
beynəlxalq tədbirdə 45 sahibkarın iştirakı təmin olunub, 13
şirkətin məhsulları 3 beynəlxalq sərgidə nümayiş etdirilib.
Naxçıvandan ixrac olunan mallara 183 mənşə sertifikatı verilib ki,
bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara
23 lisenziya verilib. Bu lisenziyaların 43,5 faizi əczaçılıq, 13,0
faizi sürətli poçt xidməti, 8,7 faizi özəl tibb sahəsinə, 34,8
faizi isə digər fəaliyyət növlərinə aiddir. Naxçıvan Muxtar
Respublikasının müvafiq qurumları tərəfindən 4399 icazə reyestrdə
qeydiyyata alınıb və bu icazələrdən büdcəyə 103,5 min manat vəsait
daxil olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə verilmiş
icazələrin sayı 3 dəfə, daxilolmalar isə 85,2 faiz artıb.

2025-ci ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu
tərəfindən 77 layihənin maliyyələşdirilməsinə 7,4 milyon manat
vəsait ayrılıb.

Fond tərəfindən maliyyələşdirilmiş ümumi güzəştli kredit
məbləğinin 73,6 faizi sənaye, 18,3 faizi kənd təsərrüfatı
məhsullarının istehsalı, 8,1 faizi isə xidmət sahələrinə
yönəldilib. Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 faizi
kiçik, 23,9 faizi orta, 67,5 faizi isə böyük həcmli kreditlərdən
ibarət olub. Verilmiş kreditlər hesabına 80 yeni iş yerinin
açılması imkanı yaranıb.

2025-ci ilin ilk 6 ayı ərzində 5,8 milyon manat məbləğində
güzəştli kredit geri qaytarılıb. Həmin dövrdə həmçinin 2,1 milyon
manat problemli kredit ödənilib.

Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil
kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2
dəfə artaraq 8-ə çatdırılıb.




Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin əsas
hissəsini Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil
edib.

2025-ci ilin 6 ayı ərzində ümumilikdə muxtar respublika üzrə
vergi daxilolmaları 93,8 milyon manat proqnoza qarşı 115,8 milyon
manat və ya 23,4 faiz artıq icra olunmuş, ötən ilin müvafiq dövrünə
nisbətən isə 18,6 milyon manat və ya 19,2 faiz artım qeydə
alınıb.

2025-ci ilin 6 ayında məcburi dövlət sosial sığorta üzrə
daxilolmalar 86,4 milyon manat, işsizlik sığortası fonduna
daxilolmalar 2,2 milyon manat, icbari tibbi sığorta üzrə
daxilolmalar isə 15,1 milyon manat təşkil edib.

Hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzləri
tərəfindən ümumilikdə 22 mindən çox şəxs qəbul edilib, 30 minə
yaxın xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 22,2 faiz çoxdur. Mərkəzlərdə göstərilən xidmətlərdən
məmnunluq səviyyəsi 99,5 faiz təşkil edib. 2025-ci ilin 6 ayında
vergi ödəyicilərinə 660 mindən çox məlumatlandırma xarakterli
müxtəlif növ bildiriş göndərilib, 60 görüş keçirilib, onlara 248
ünvanlı xidmət göstərilib.

Muxtar respublikada ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə
bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi
uğurla davam etdirilib. 2023-cü ildən indiyədək muxtar respublikada
layihə çərçivəsində istehlakçılara 3 milyon manatdan çox ƏDV
məbləği geri qaytarılıb. Bu ilin yanvar-iyun aylarında
istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə
müqayisədə 20,5 faiz artaraq 808,4 min manat olub. 2025-ci ilin 6
ayında nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü ilin eyni dövrü
ilə müqayisədə 31,4 faiz artaraq 592,3 milyon manat təşkil
edib.

Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar
358,7 min manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü
ilə müqayisədə 221,4 min manat və ya 2,6 dəfə çox olub. Ötən dövr
ərzində dövlət əmlakının səmərəli idarə edilməsi nəticəsində 122
yeni icarə müqaviləsi bağlanıb, 107 icarə müqaviləsinin müddəti
uzadılıb.

2025-ci ilin 6 ayı ərzində 55 dövlət əmlakı özəlləşdirilib.
Özəlləşdirmədən 881,6 min manat vəsait daxil olub. Ümumilikdə, cari
ilin 6 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən
1 milyon 240 min manat vəsait əldə edilib.

2025-ci ilin 6 ayı ərzində elektron xidmətlərdən daxil olan
müraciətlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisdə 7,3 faiz
artaraq 3135-ə çatıb. Həmin dövrdə 24 hərrac keçirilib, bu da ötən
ilin müvafiq dövrünə nisbətən 9 faiz çoxdur. Eyni zamanda, cari
ilin 6 ayı ərzində 4967 daşınmaz əmlak obyekti qeydiyyata alınıb
ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.