
Bakı. Trend:
Bu ilin ilk yarısında Naxçıvan Muxtar Respublikasında
Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 77 layihənin
maliyyələşdirilməsinə 7,4 milyon manat vəsait ayrılıb.
Bu barədə Trend Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinə istinadən xəbər verir.
Fond tərəfindən maliyyələşdirilmiş ümumi güzəştli kredit
məbləğinin 73,6 faizi sənaye, 18,3 faizi kənd təsərrüfatı
məhsullarının istehsalı, 8,1 faizi isə xidmət sahələrinə
yönəldilib. Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 faizi
kiçik, 23,9 faizi orta, 67,5 faizi isə böyük həcmli kreditlərdən
ibarət olub. Verilmiş kreditlər hesabına 80 yeni iş yerinin
açılması imkanı yaranıb.
2025-ci ilin ilk 6 ayı ərzində 5,8 milyon manat məbləğində
güzəştli kredit geri qaytarılıb. Həmin dövrdə həmçinin 2,1 milyon
manat problemli kredit ödənilib.
Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil
kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2
dəfə artaraq 8-ə çatdırılıb.