
Bakı. Trend:
Qazaxıstan dəmir yollarının törəmə şirkəti olan “KTZ Express”
Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə Şansi (Çin)
əyalətindən Azərbaycana ilk konteyner qatarının multimodal
daşınmasını həyata keçirib.
Trend bu barədə
Qazaxıstan Dəmir Yollarının mətbuat xidmətinə istinadən xəbər
verir.
“Qatar Cinçjun şəhərində yerləşən “Jundin” logistik mərkəzində
formalaşdırılıb. Ona 50 ədəd standart konteynerdən ibarət, ümumi
çəkisi 1150 tondan çox olan fotoelektrik modullar dəsti daxil olub.
Tərkib Qazaxıstan ərazisindən tranzitlə keçərək, Aktau limanına
çatdırılıb, oradan isə yük dəniz nəqliyyatı vasitəsilə Azərbaycana
göndərilib”, – deyə məlumatda qeyd olunub.
Şirkət nümayəndələri bildiriblər ki, Çinin şimalından Orta
Dəhlizlə yeni marşrutun istifadəyə verilməsi TBNM-in artan
əhəmiyyətini nümayiş etdirir, həmçinin, Qazaxıstanın Avrasiya
logistikasında əsas tranzit halqa kimi mövqeyini
möhkəmləndirir.
“Qazaxıstan Dəmir Yolları Çindən MDB ölkələri, Qafqaz, Türkiyə
və Avropaya yüklərin etibarlı və sürətli çatdırılmasını təmin
etməklə multimodal həlləri inkişaf etdirməyə davam edir”, – deyə
mətbuat xidmətindən əlavə edilib.
KTZ Express – Qazaxıstan Dəmir Yollarının törəmə şirkətidir.
Şirkət daxili və beynəlxalq yükdaşımaların təmin olunması, o
cümlədən, logistika üzrə ixtisaslaşıb.