ARDNF-nin aktivləri 66,5 milyard ABŞ dollarına çatıb

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun
(ARDNF) aktivləri 66,5 milyard ABŞ dollarına çatıb.

Trend bu
barədə Fonddan məlumat əldə edib.

Məlumata görə, ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə
10,8% artıb.

Cari ilin yanvar-iyun aylarında Fondun gəlirləri 8,8 milyard
manat, xərcləri isə 7,3 milyard manat təşkil edib.




Bu dövr ərzində Fondun neft-qaz sazişləri üzrə gəlirləri 5,7
milyard manat, investisiya gəliri 3,1 milyard manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası
çərçivəsində 7,240 milyard manat vəsait dövlət büdcəsinə transfert
edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali
təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə
Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat, “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın
maliyyələşməsinə 20,1 milyon manat yönəldilib.

ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata
keçirilən hərraclarda 3 718,1 milyon ABŞ dolları məbləğində vəsait
satılıb.