
Bakı. Trend:
Oktyabr ayının sonunadək bütün banklar Az-QR standarta
keçəcək.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün keçirilən mətbuat konfransında deyib.
“Bütün bankların ani ödəniş sisteminin yeni versiyasına
inteqrasiyası üzrə işlər aparılır. Ölkə daxilində 40 min manatadək
bütün ödənişlərin məhz bu sistem vasitəsilə aparılmasını
planlaşdırırıq”, – o qeyd edib.
Sədr bildirib ki, bu, xərclərin, əməliyyatın maya dəyərinin
azaldılması deməkdir:
“Bu, böyük bir layihədir. Digər məsələ, oktyabr ayının sonunadək
bütün banklar Az-QR standarta keçəcək. Bütün ödəniş qəbul olunan
məntəqələrdə sahibkarlara, istehlakçılara QR kodla ödəniş həyata
keçirmək imkanı yaradılacaq. Bu, kiçik və mikro sahibkarlar üçün
böyük bir üstünlükdür. Biz Dövlət Vergi Xidməti ilə də danışırıq
ki, artıq bahalı POS terminalla yox, QR-la ödənişləri həyata
keçirmək imkanı verilsin”.
“Hazırda ən böyük layihələrdən biri də ictimai nəqliyyatda
ödənişlərin bütün kartlar vasitəsilə, həmçinin, QR kod vasitəsilə
də həyata keçirilməsi üzrədir.
Düşünürəm ki, bu layihələrin hər biri ilin sonunadək
tamamlanacaq”, – deyə sədr qeyd edib.