Azərbaycanda İslam bankçılığının tətbiqi üçün ona tələbi müəyyənləşdirməliyik – AMB sədri

İqtisadiyyat

Bakı. Trend:

İslam bankçılığının ölkədə tətbiqi ilə bağlı hər bir detal, risk
və s. amillər nəzərə alınmalıdır. Bu bank modelinin tətbiqi
inanılmaz dərəcədə böyük bir işdir. Əvvəlcə ölkədə İslam
bankçılığına tələbatı qiymətləndirməliyik.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu bank modeli üzrə müvafiq qanunvericilik
tədbirlərinin formalaşdırılması, araşdırmaların aparılması,
təhlillər tək Mərkəzi Bankın deyil, bir neçə qurumun işidir:




“Hazırda Mərkəzi Bank İslam İnkişaf Bankı ilə birlikdə sukuk
emissiyası sahəsində əməkdaşlıq edir. Onun əsasında qanunvericilik
paketi hazırlanır. Həmçinin, ümumi İslam bankçılığı üzrə bazarda
tələbatın öyrənilməsi üçün “İslam pəncərəsi” üzərində çalışırıq.
Biz “İslam pəncərəsi”ni yaradırıq ki, cari fəaliyyət göstərən
banklar İslam bankçılığına məxsus olan depozit kredit məhsulları
təklif etsinlər. Bununla biz bu bank modelinə tələbi
müəyyənləşdirəcəyik”.

“2022-ci ildə apardığımız qiymətləndirməyə görə, İslam
bankçılığının təklif etdiyi kreditlərin potensial həcmi 300 milyon
manat idi. Ümumi sektorun kredit portfelinin qarşısında bu rəqəm
cüzidir. “İslam pəncərəsi” ilə biz tələbi qiymətləndirəcəyik. Amma
hələlik bu tələbi görmürük”, – deyə sədr vurğulayıb.

Qeyd edək ki, İslam bankçılığında faiz sistemi yoxdur. Müasir
bank qaydalarına əsasən, banka vəsait qoyuruq və bunun konkret
faizini alırıq. İslam yanaşmasında isə faizlərin alınması
qəbuledilməzdir. İslam bankçılığının modeli odur ki, siz banka pulu
yatırırsınız, bank həmin məbləği hər hansı işə yatırır. Sonda əldə
olunan gəlir tərəflər arasında bölünür. Razılaşırlar ki, biznesdən
əldə olunan gəlirin filan hissəsi pulu yatıran şəxsə, digər hissəsi
isə banka veriləcək. İslam bankında mühüm məqamlardan biri də pul
yatıran şəxsin ziyana da şərik olmasıdır. Bu sistemdə həm zərərdə,
həm də qazancda şəriklik anlayışı var. Əsas məqsəd və hədəf ondan
ibarətdir ki, tərəflərdən hansısa biri zərər görməsin. Malayziya,
İndoneziya, Türkiyə və başqa ölkələrdə belə banklar fəaliyyət
göstərir.

Spread the love